Şəmşad Ağa həbs edildi

Şamaxıda QƏTL: “Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir”

Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Nizam mübahisə zamanı 1979-cü il təvəllüdlü Ramalı (adlar şərti verilib – red.) odlu silahla qətlə yetirib.

GuNXeBeR.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 21 dekabr 2023-cü ildə baş verib.

Nizam dövlət qurumlarından birində işdə olduğu vaxt arvadına əvvəllər mesaj yazaraq əxlaqsız təkliflər etdiyi üçün aralarında münasibətləri normal olmayan bibisi oğlu Ramalın idarə etdiyi “Mersedes S 350” markalı avtomobillə binanın qarşısına gəldiyini görüb. O, avtomobildən düşmədən Nizamla mübahisə edib.

Ramal onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Nizam avtomobilin ön sərnişin qapısını açmaq istəsə də, Ramal maşını sürərək oradan uzaqlaşıb.

Nizam inzibati binaya daxil olub, istirahət otağına gedərək istifadəsində olan mobil nömrədən Ramala dəfələrlə zəng edib. Ramal onunla bir neçə dəfə telefonla danışdıqdan sonra saat 18:22-də idarə etdiyi avtomobillə yenidən binanın qarşısına gəlib. İnzibati binaya daxil olub, heç kimə məlumat vermədən və qeydiyyatdan keçmədən birbaşa qurumun rəhbər müavininin üçüncü mərtəbədə yerləşən xidməti iş otağına qalxıb.

Nizam Ramalın qurum rəhbərliyinin və şəxsi heyətin yanında onu nüfuzdan salacağı qənaətinə gəlib. Bunu önləmək, eyni zamanda arvadına əxlaqsız təkliflər etməsinə, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas almaq niyyəti ilə Ramalı öldürmək qərarına gəlib. Bu məqsədlə inzibati binanın üçüncü mərtəbəsinə qalxıb. Otağa daxil olduqdan dərhal sonra üzərində gəzdirdiyi tapançanı çıxararaq atəş vəziyyətinə gətirib. Giriş qapısı ilə üzbəüzdə stuldan qalxmaq istəyən Ramala doğru yaxın məsafədən ardıcıl 8 atəş açıb. Ramal aldığı güllə yaralarından vəfat edib.

İstintaq orqanı tərəfindən Nizamın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, spirtli içkilərə aludə olub və bu səbəbdən Şamaxı rayonunda bir neçə şəxsə pul borcu yaranıb: “2023-cü ilin avqust ayında atamdan pul istədim. Atam imkanı olmadığını bildirdi. Daha sonra məni bibim oğlu Ramala tapşırdı ki, mənə maddi kömək olsun. Çox içki içdiyim üçün atam məndən bezmişdi.

Ramalla münasibətlərim yaxşılaşdı. Zəng edib mənimlə maraqlanır, işlətdiyi restorana dəvət edirdi. Mənə səmimi münasibət göstərdi, borclarımı ödəməkdə köməklik göstərəcəyini bildirdi.

Mənim əmilərimlə münasibətim yaxşı deyildi. Ramal isə əmilərimin də mənə köməklik göstərəcəyini dedi. Bir gün ondan borc pul istədim. Mənə 100 manat pul göndərdi. Sonradan mənim üçün xərclədiyi pulun da borc olduğunu bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramal ona 50 manat da göndərib: “Bir dəfə ondan 500 manat borc istədim. Mənə darıxmamağı məsləhət bildi, xəbər edəcəyini dedi. Axşama kimi heç bir xəbər çıxmadı. Ona zəng edəndə mənimlə kobud danışdı, “sənə pul verməliydim?” dedi. Mən evə gələndə evdə qanqaraçılıq olduğunu gördüm. Yoldaşım Ramaldan 500 manat borc pul istəyib-istəmədiyimi soruşdu. Ondan borc istəməyimi haradan öyrəndiyini soruşdum. Yoldaşım Ramalın ona yazdığını bildirdi. Dedi ki, mənim evə gəlib-getməyimə nəzarət etmək məqsədi ilə onun nömrəsini alıbmış”.

Nizamın sözlərinə görə, daha sonra həyat yoldaşı Ramalın ona əxlaqsız təkliflər etdiyini, gizli sevgilisi olmasını təklif edib, əgər razı olsa, kartına 500 manat atacağını bildirib: “Hadisədən 1-2 gün keçdikdən sonra əmim Sədini çağırdım və hadisəni ona danışdım. Əmim yazışmalara baxmaq istədi. Yoldaşım yazışmaları sildiyi üçün baxa bilmədik. Əmim yazışmalar olmadığı üçün özümüzü biabır etməməyi məsləhət gördü.

Mən çox içki içdiyim üçün böyüklər arasında etibarımı itmişdim. Bu məsələdə də heç kim mənə inanmadı. Daha sonra atam müalicə üçün Rusiyaya qardaşının yanına getdi. Getməmişdən əvvəl mənə tapşırdı ki, Ramal məsələsini bağlayım.

Sentyabr ayının ortalarında mən Şamaxıda yerləşən “555” kafesində içki içən zaman Ramaldan zəng gəldi. Telefonu açanda məni söyməyə başladı. Zənglərinə niyə cavab vermədiyimi soruşdu. Onu kafeyə dəvət etdim. Ramalı qorxutmaq məqsədi ilə mətbəxə getdim və bıçaq götürərək belimə qoydum.

Ramal kafeyə çatanda onun avtomobilinə oturdum. Ramal qulağımın dibində bərkdən qışqıraraq danışmağa başladı. Ona avtomobili qabağa sür dedim. Ramala iki şillə vurdum, belimdən bıçağı çıxararaq yoldaşıma etdiyi hərəkətin səbəbini soruşdum. O, yoldaşıma mesaj yazmadığını bildirdi. Qorxutmaq məqsədi ilə dedim ki, avtomobili qəbiristanlığa sür. Heykəl deyilən ərazidə işıqforda avtomobili saxladı və mənə nə qədər kömək etdiyini bildirdi. Aramızda mübahisə yarandı. Mən özümə bıçaqla xəsarət yetirdim.

Ramal mənə xəstəxanaya getməyi təklif etdi. Mən xəstəxanaya yox, bıçağı qaytarmaq üçün kafeyə getməli olduğumuzu bildirdim. Mən əlimdən xəsarət almışdım”.

Nizam qeyd edib ki, daha sonra Ramala münasibətlərinin bitdiyini söyləyib və onun nömrəsini bloka atıb: “Noyabr ayının ortalarında rəis məni yanına çağırdı və Ramalla aramızda olan problemi özümüzün həll etməyimizi bildirdi. Ramalın nömrəsini blokdan çıxardım və mesaj yazaraq kartını istədim. Onun mənə atdığı karta 150 manat köçürdüm. Mənim hoteldə ödədiyim 300 manat pulu da istədi. Mənim yalnız bu qədər pula gücüm çatdığını bildirərək onu təzədən bloka atdım”.

Nizamın ifadəsinə görə, 21 dekabr 2023-cü ildə şöbədə xidmətdə olan zaman şöbənin qarşısında dayanıb və Ramalın idarə etdiyi “Mercedes S Class” markalı avtomobilinin gəldiyini görüb: “Əməkdaşların yanında mənim 3 azyaşlı uşaqlarımı, anamı, bacımı söydü. Ona yaxınlaşdım və nə məsələ olduğunu soruşdum. Qapını açaraq Ramalı çölə çıxarmaq, ona bir-iki yumruq vuraraq niyə məni biabır etdiyini soruşmaq istədim.

Ramal məni biabır edəcəyini dedi. Daha sonra avtomobillə gedə-gedə yenə də ailə üzvlərimi söyməyə başladı. Mən istirahət otağına getdim və Ramala zəng etməyə başladım. Bu dəfə arvadımı söydü. Mən zəng etdikcə, Ramal ya məşğula atdı, ya da telefonu açaraq məni söydü. Daha sonra bir nəfər şəxsin qaça-qaça yuxarı qalxdığını gördüm. Onun kim olduğunu soruşduqda, əməkdaşlar bayaq mənim söhbət etdiyim şəxs olduğunu bildirdilər. Düşündüm ki, Ramal gedib kiməsə artıq-əskik nəsə danışar, məni iş yoldaşlarımın yanında biabır edər.

Mən qurumun rəhbərinin müavininin otağına qalxdım. Silahım üzərimdə idi. Mən otağa daxil olanda Ramalın müavinə nə isə göstərdiyini gördüm. Mənim haqqımda nə isə dedi. Ramalın mənə etdiyi hərəkətlər, yoldaşıma yazdığı əxlaqsız mesajlar yadıma düşdü. Silahı çıxararaq onu vurdum. Silahı tutaraq bütün güllələri atdım və daraq boşaldıqdan sonra rəis müavini məni qucaqlayaraq otaqdan çölə çıxardı. Əməlimdən peşmanam. Amma Ramalın hərəkətləri onu öldürməyimə səbəb yaradıb”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı bildirib ki, 2023-cü ilin avqust ayında Ramal onlara gəlib və yoldaşı Nizamın borclarına kömək edəcəyi ilə bağlı onun qayınanası və qayınatası ilə danışıb:

“Həmin gün Ramal Nizamla birlikdə gəlmişdi. O, həyat yoldaşımın yanında olacağını bildirdikdən sonra çıxıb getdi. Bir müddət sonra qayınanamdan mənim nömrəmi aldı və bildirdi ki, dayısını narahat etməsinlər, Nizamdan məlumatı özü alacaq. Bir müddət Nizamdan məlumat almaq məqsədi ilə mənə yazdı. Daha sonra yazaraq əxlaqsız təkliflər etməyə başladı, mənimlə cinsi əlaqədə olmaq istədi. Mən isə Nizam bildiyi təqdirdə pis olacağını söyləyərək onun təklifindən imtina etdim.

Bir gün Nizam Ramaldan 500 manat pul istəmişdi. Ramal mənə yazaraq əgər iş yerinə getsəm, onunla cinsi əlaqədə olmağa razılıq versəm, 500 manatı verəcəyini bildirdi. Nizam evə gəldikdə Ramalın söylədiklərini ona bildirdim. Nizam da hadisəni qayınanam və qayınatama danışdı.

Səhəri gün qayınatam öz qardaşını çağırdı, olanları ona söylədi. Biz qərara gəldik ki, hadisəni sakit saxlayaq, heç kimə heç nə bildirməyək. Cinayət hadisəsi olan günə kimi bizim evimizdə bir dəfə də Ramal barəsində danışılmadı. Dekabrın 21-də Nizamın Ramalı ödürdüyü xəbəri çıxdı.

Mən Nizama Ramalın əxlaqsız təklifləri barədə məlumat verdikdən sonra Nizam Ramalın nömrəsini bloka atmışdı, Ramal bir daha onunla əlaqə saxlaya bilməmişdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizam 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sosialist Əməyi Qəhrəmanı VƏFAT ETDİ

Oğuzda Sosialist Əməyi Qəhrəmanı vəfat edib.

GuNXeBeR.Az “Report”a istinadən xəbər verir ki, Ziyafət Mustafa qızı Əliyeva uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1945-ci il Oğuz rayonunun Qarabaldır kəndində doğulub. Z.Əliyeva tütünçü olub və səmərəli fəaliyyətinə görə “Sosialist Əməyi Qəhrəmanı”, “Qırmızı Əmək Bayrağı Ordeni”, iki dəfə “Lenin” Ordeni ilə təltif olunub.

Z.Əliyeva Prezident təqaüdçüsü idi.

Müğənni Kərim toyda dalaşdığı şəxslərlə BARIŞDI: “Söhbət bağlandı”

Müğənni Kərim Abbasov ötən ilin sentyabrında iştirak etdiyi məclislərin birində fonoqram oxuduğu üçün dalaşdığı şəxslərlə barışıb.

GuNXeBeR.Az ATV-yə istinadən xəbər verir ki, bu barədə ifaçı verilişlərin birində deyib.

“O söhbət bağlandı, barışıq oldu. Gəldilər və danışdıq, razılıq əldə olundu. Elə kəlmələr var ki, onlar mənə yaraşmır. Dava ola bilər, bir nəfərə təpik, birinə də yumruq dəyə bilər. Amma döyülmək məsələsi olmayıb və ola da bilməz”, – deyə sənətçi bildirib.

Qeyd edək ki, Kərim ötən il verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi:

“Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm”.

Ətraflı süjetdə:

Burun əməliyyatı FACİƏYƏ ÇEVRİLDİ: Nəzrin 3 gündür komadadır

30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.

“Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”, – zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:

“Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.

Ətraflı süjetdə:

YouTube player

Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü

Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.

GuNXeBeR.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evinin zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.

Həmin şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən, günün ikinci yarısında baş verib. Şadlıq evinin altına su dolmasından bir müddət sonra xəbər tutublar və dərhal aidiyyəti üzrə məlumat veriblər.

R.Hüseynov deyir ki, istilik borusunun partlaması səbəbindən onlara ziyan dəyib. İndi o, aidiyyəti qurum tərəfindən problemin tam aradan qaldırılmasını istəyir.

Məsələ ilə bağlı ”Azəristiliktəchizat”dan bildirilib ki, həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. O da bildirilib ki, qurum magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir və bunun üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır.

Həmçinin həmin ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır və təcili texniki tədbirlər görülür.

Ətraflı süjetdə:

YouTube player

Abşeronda bir aydır itkin düşən qadın axtarılır

Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə APA-ya həmin şəxsin anası Tacirə Kərimova məlumat verib.

Bildirilib ki,1989-cu il təvəllüdlü qızı Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında heç kimə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb.

Tacirə Kərimova, həmçinin bildirib ki, qızının psixoloji narahatlığı var.

Faktla bağlı polisə məlumat verilib.

İtkin düşən şəxsi görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat vermələri xahiş edilir.

Günay Əşrəfovanın bir azyaşlı övladının olduğu bildirilir.

Prezident İlham Əliyevin mesajları və suveren gücün sözü

Yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara ənənəvi müsahibə verib.

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet dövlət başçısının çıxışında yer alan və ölkəmizin beynəlxalq arenadakı addımlarını anlamaq üçün vacib olan bəzi mesajların təhlilinə həsr olunub.

İlk növbədə, dövlət başçısı qlobal konteksti qeyd edib və vurğulayıb ki, hazırda dünyanın bir çox aparıcı ölkələri siyasi, mədəni və mənəvi böhranla üzləşib.

Onun sözlərinə görə, hazırda dünyada yeni qlobal düzən formalaşır.

“Hesab edirəm ki, biz hələ bu prosesin başlanğıcındayıq. Çoxlu boşluqlar yaranır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq artıq öz potensialını itirib”, – deyə Prezident İlham Əliyev bəyan edib.

Daha ətraflı “Caliber”in yeni süjetində:

YouTube player

Tiktoker “Xan” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

“TikTok” əməliyyatında həbs edilən “Xan” ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb.

GuNXeBeR.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Onun vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov Rayon Məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs qətimkan tədbirindən narazıdır.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, “Xan” ləqəbli tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən əməliyyat keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.

Polis ƏMƏLİYYAT KEÇİRDİ: SAXLANILANLAR VAR

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.

Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik və psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Mingəçevirdə güclü partlayış səsi eşidildi – RƏSMİ AÇIQLAMA

Mingəçevir şəhərində eşidilən partlayış səsləri plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi ilə bağlıdır.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov bildirib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq. Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək”, – deyə Anar Eyvazov əlavə edib.