Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək - GuNXeBeR.aZ Xeber Portali

Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə ittiham olunan Ruben Vardanyanın təqsirləndirilməsinə dair məhkəmə prosesi zamanı onun vəkili Avraam Berman çıxış edərək müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş edib.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, hakim həmin vəsatəti təmin edib və təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb.

Bununla bağlı məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib və sədrlik edən ittiham və müdafiə tərəfinin mövqeyini öyrəndikdən sonra məhkəmə istintaqının başlanıldığını elan edib.

Dövlət ittihamını müdafiə edən prokuror ittiham aktının nəticəvi hissəsini elan etməyə başlayıb.

İrəli sürülmüş ittihama əsasən, təqsirləndirilən şəxs Ruben Vardanyan ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyə daxil olaraq həmin birliyə rəhbərlik edib, birliyin ümumi cinayətkar məqsəd və niyyətinə uyğun olaraq fəaliyyət göstərib.

Bununla yanaşı prokuror ittiham aktına istinadən elan edib ki, Koçaryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi ilə Ermənistanın dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında yaradılmış cinayətkar birlik Azərbaycan Respublikasına qarşı sistematik və genişmiqyaslı təcavüzkar müharibəyə başlayıb.

İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi bildirilib.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.

Oxşar Xəbərlər