“Ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır”. Bu barədə AYNA-nın sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib. O, bildirib ki, bu, 780 min avtomobil deməkdir.
AYNA rəhbərinin sözlərinə görə, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər.
Xatırladaq ki, Azərbaycanda rəsmi qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 864 minə çatıb. Yola saldığımız ildə avtomobilləşmə son 10 ilin rekordlarını təzələyib. İl ərzində ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı 100 min civarında olub. Bunun da 80 faizə yaxını minik avtomobilidir.
Maraqlıdır, görəsən, ölkə üzrə avtomobillərin 45 faizinin Bakı və Abşeronda qeydiyyatda olması hansı amillərlə bağlıdır? Avtomobillərin böyük əksəriyyətinin paytaxtda cəmləşməsi Bakının avtomobilsiz şəhərə çevrilməsinə imkan verəcəkmi?
Ekspertlər hesab edirlər ki, ölkə üzrə qeydiyyatda olan avtomobillərin böyük hissəsinin Bakı və Abşeronda cəmləşməsinin müxtəlif səbəbləri var. Burada başlıca amillərdən biri sözügedən ərazilərdə əhalinin sıx məskunlaşmasıdır. Bu ərazilərdə yaşayan insanların sayı ölkənin digər bölgələrindən xeyli çoxdur, bu da avtomobil sayına təsir edir. Eyni zamanda, ölkənin iqtisadi mərkəzi olan Bakı və Abşeronda insanlar daha çox iş tapır və daha yüksək gəlir əldə edir. Bu da avtomobil alqı-satqısının artmasına səbəb olur. Bakıda və ətrafında yerləşən ticarət obyektləri, iri şirkətlər və sənaye müəssisələri buranı avtomobillər üçün əsas hərəkət nöqtəsinə çevirir. Bundan başqa, Bakı və Abşeron bölgəsində yollar, parkinq yerləri və nəqliyyat infrastrukturu digər regionlardan daha yaxşı inkişaf edib. Bu da insanların burada avtomobil istifadəsini daha rahat etməsinə səbəb olur. Digər tərəfdən, bir çox şirkətlər və avtomobil sahibləri nəqliyyat vasitələrini Bakıda qeydiyyata salmağı üstün tutur. Bunun səbəbi bəzən daha rahat qeydiyyat prosedurları və ya digər regionlardan fərqli bəzi inzibati amillər hesab edilir. Məsələn, nəqliyyat vasitələrinin qeydiyyatı və texniki baxış prosesləri əsasən Bakı və Abşeronda daha geniş və sürətli şəkildə həyata keçirilir. Bakı və Abşeronda daha çox DYP (Dövlət Yol Polisi) idarəsi, ASAN Xidmət mərkəzləri və qeydiyyat məntəqələri fəaliyyət göstərir ki, bu da avtomobil sahibləri üçün rahatlıq yaradır. Bakı və Abşeron bölgəsi ölkənin əsas inzibati və iqtisadi mərkəzi olduğu üçün burada nəqliyyatın tənzimlənməsi və qeydiyyatı daha sistemli aparılır. Bakı qeydiyyatı olan avtomobillərə şəhərdaxili icazələr, parklanma qaydaları kimi müəyyən üstünlüklər və ya fərqli qaydalar tətbiq oluna bilər.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da deyib ki, ölkə üzrə qeydiyyatda olan avtomobillərin böyük hissəsinin Bakı və Abşeronda cəmləşməsi müxtəlif səbəblərlə bağlıdır: “Bunun əsas səbəbi bəzən daha rahat qeydiyyat prosedurları və ya digər regionlardan fərqli bəzi inzibati amillər hesab edilir. Bakı və Abşeronda avtomobil qeydiyyatı ilə bağlı prosedurlar daha aydın və rahat tənzimləndiyindən, bəzi sürücülər avtomobillərini burada qeydiyyata salmağı üstün tuturlar. Avtomobil alqı-satqısı və mülkiyyət dəyişiklikləri də Bakı və Abşeron qeydiyyatı ilə daha rahat həyata keçirilir. Yəni, inzibati cəhətdən Bakı və Abşeron qeydiyyatı avtomobil sahibləri üçün həm rahatlıq, həm də rəsmi prosedurların sürətli və effektiv icrası baxımından daha üstün hesab edilir. Digər tərəfdən, bəzən bu ərazilərdə qeydiyyatda olan avtomobillərin müəyyən üstünlükləri olur. Məsələn, pandemiya vaxtı rayon qeydiyyatı olan avtomobillər Bakıya buraxılmırdı, paytaxt qeydiyyatında olan avtomobillər üçünsə belə bir problem yox idi. Təbii ki, avtomobil sahibləri də bu kimi məsələləri nəzərə alırlar”.
Bakı kimi böyük və nəqliyyat sıxlığı olan şəhərin avtomobilsiz şəhərə çevrilməsinin mümkün olub-olmadığına gəlincə, ekspert bildirib ki, artıq bu istiqamətdə müvafiq işlər gedir: “Bununla bağlı ölkə Prezidentinin tapşırıqlarına əsasən işlərə başlanılıb. Əgər işlər sistemli aparılarsa, nəzərdə tutulan planlanları reallaşdırmaq mümkün olacaq. Bunun üçün bir neçə əsas addım atılmalıdır. İlk növbədə ictimai nəqliyyatın gücləndirilməsinə nail olmaq lazımdır, metro şəbəkəsi genişləndirilməlidir. Bakı metrosunun daha çox bölgəyə yayılması avtomobil ehtiyacını azalda bilər. Avtobusların və marşrut xətlərin optimallaşdırılması avtomobildən istifadənin azalmasına səbəb ola bilər.
Ekspres avtobus xətlərinin sayının artırılması da bu işə fayda verə bilər
Yəni, əsas məsələ ictimai nəqliyyatın elə səviyyədə inkişaf etməsidir ki, insanlar şəxsi avtomobildən imtina etməyə məcbur yox, maraqlı olsunlar”.
Leave a Reply