Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

GunXeber.Az xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd edilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib.

Dəyişikliklə görə, bu səlahiyyətin verildiyi qurumlar sırasına Baş Prokurorluq da əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mariya Stadnikə vəzifə verildi

Karyerasını başa vuran Mariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

GunXeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti fevralın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

GunXeber.Az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Goranboy, Şəmkirdə cənub-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Öz rəhbərinin adını “nisyə dəftəri”nə yazdıran administratora HÖKM OXUNDU

Fərdi sahibkar Novruz Şöhrət oğlu Gülməmmədova məxsus, Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşən “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin keçmiş administratoru saxlanılıb.

GunXeber.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, saxlanılan 1980-ci il təvəllüdlü S.Adil restoranda rəsmi olaraq aşpaz kimi qeydiyyata alınsa da, sahibkar ona inandığı üçün istirahət mərkəzində bütün işlərini görməsini həvalə edib.

Novruz Gülməmmədov şikayəti əsasında saxlanılan Adilə Cinayət Məcəlləsinin (178.2.2 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, sahibkarın ən yaxın adamı kimi tanınan Adil istirahət mərkəzinin tikintisi, təmiri, həmçinin ərzaq və digər məhsulların alış-verişini də özü edib.

Novruz Gülməmmədov Türkiyədə müalicə olduğu dönəmdə Adil İsmayıllı rayondakı qəssablardan, tikinti ləvazimatı mağazalarından onun adına nisyə mal götürərək pulları mənimsəyib, sahibkarın adını ticarətçilərin “nisyə dəftəri”nə yazdırıb. Sahibkar iddia edib ki, o, rəhbəri olduğu restoranın gündəlik alverindən qalan hər gün üçün 1500 manat xeyri də mənimsəyib.

İşin üstü isə Novruz Gülməmmədov İsmayıllı bazarında alış-veriş edən zaman qəssabın ona yaxınlaşmasından sonra açılıb. Belə ki, qəssab sahibkara 22 min manat borcunun olduğunu deyib. Sahibkar Adildən onun adından 2022-2023-cü illərdə nisyə götürdüyü (ət, pendir və digər ərzaqlara görə) 31426 manatlıq məhsulların pulunun geri qaytarılmasını tələb edib.

Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 17 avqust 2018-ci ildən 3 mart 2023-cü il tarixədək “Şöhlətoğlu” ailəvi istirahət mərkəzində administrator və aşpaz vəzifəsində işləyib.

Məhkəmənin qərarı ilə Adilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Adil cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Adil qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İş hazırda apellyasiya mərhələsindədir.

Xaçmazda kişi qohumunu bıçaqlayıb, onun arvadını maşınla vurdu

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

GunXeber.Az xəbər verir ki, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

51 nəfəri daşıyan avtobus yük avtomobili ilə TOQQUŞDU

Siyəzəndə baş vermiş avtobus qəzası nəticəsində yaralanan şəxsin kimliyi məlum olub.

GunXeber.Az APA-ya istinadən xəbər verir ki, onun Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov olduğu bildirilir.

N.Kiçikbəyov müvafiq tibbi yardımdan sonra evə buraxılıb.

Ermənistanın yaratdığı əngəllər Azərbaycanın qarşısında heç bir əhəmiyyət daşımır

Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.

Azərbaycan son illərdə tranzit imkanlarının genişləndirilməsi, gələcəyi hədəfləyən infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atıb. Pandemiya, Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ukrayna müharibəsi nəticəsində beynəlxalq səviyyədə müşahidə olunan geosiyasi və geoiqtisadi təlatümlər ölkəmizin qlobal əhəmiyyətli tranzit qovşağa çevrilməsi istiqamətində unikal imkanlar yaradıb.

GunXeber.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

“Nəqliyyat xəritəsini bizsiz təsəvvür etmək mümkün deyil”

Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Bakı bu imkanlardan maksimum dərəcədə yararlanmağı hədəfləyir. Qeyd etdiyimiz amillər nəticəsində dünyanın dəyişən mənzərəsində beynəlxalq iqtisadi inkişafın əsas lokomotivlərinin diqqəti Azərbaycandan keçən alternativ nəqliyyat dəhlizlərinə istiqamətlənib. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə üzərinə vurğu edilən məqamlar Azərbaycanın sözügedən sahədə qlobal miqyaslı oyunçuya çevrilmək niyyətindən xəbər verir. Dövlət başçısının da vurğuladığı kimi, “bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”.

Bu gün Azərbaycan Rusiya ilə İran körfəzini birləşdirən Şimal-Cənub, Çindən, Mərkəzi Asiyadan Avropaya quru konteynerlərin çatdırılmasını nəzərdə tutan Transxəzər, Orta dəhlizin əsas arteriyası sayılan Bakı-Tbilisi-Qars kimi meqatranzit layihələrə malikdir. Ölkəmizin qarşısında dayanan başlıca vəzifə məhz bu layihələr çərçivəsində sahib olduğumuz imkanları daha da genişləndirməkdir. Prezident İlham Əliyevin də müvafiq qurumlar qarşısında qoyduğu əsas vəzifələr məhz bunu diktə edir: “Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”.

Statistik rəqəmlər nə deyir?

Statistik məlumatlar da hər bir istiqamət üzrə gələcək proqnozların sürətli artımından xəbər verir. 2024-cü ildə Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı tranzit, 212-si isə idxal yüklərinin daşınmasını təmin edib. 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının üç dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Artan tələbat fonunda 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi bir milyon tondan beş milyon tona çatdırılıb.

Şimal-Cənub dəhlizi ilə isə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7.6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3.2 faiz çoxdur.

Qarşıdakı beş il ərzində İran ilə Azərbaycan arasında tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə iki dövlət arasında razılıq əldə olunub. Özbəkistanın Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, o cümlədən Azərbaycan ərazisindən yeni tranzit dəhlizlərinin yaradılması üzərində işləyir. Bu işlər Qazaxıstan tərəfində də sürətlə həyata keçirilir.

çatdırılması hədəfdədir. Artan tələbat fonunda bu da son deyil. Buraya hava limanlarının tikintisinin yekunlaşdırılması, əlavə dəmiryolu və avtomobil yollarının imkanlarının genişləndirilməsi də daxildir. Bütün bu işlərin vahid konsepsiya halında, zamanında icrası da diqqət mərkəzindədir. Dövlət başçısının da qeyd etdiyi kimi, “bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum – AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu – bütün bu məsələləri nəzərə alacaqdır”.

Zəngəzur dəhlizi ilə bağlı mövqe dəyişilməzdir

Təbii ki, Azərbaycanın qlobal tranzit qovşağa çevrilməsi tək iqtisadi yox, həm də siyasi çeviklik tələb edir. Bu məsələdə Zəngəzur dəhlizinin reallaşması və Bakının hədəflərinə qarşı məkrli planların zərərsizləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Artıq ölkəmizin ikinci istiqamət üzrə zəngin təcrübəsi də var. Dövlət başçısının müşavirədə Bakı-Tbilisi-Qars layihəsinin ilkin vaxtlarında üzləşdiyimiz çətinliklərlə bağlı səsləndirdiyi fikirlər buna misaldır. Zəngəzur dəhlizinə gəldikdə isə, rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın qeyri-konstruktivliyi səbəbindən açılışı hələ də reallaşmayan bu dəhlizlə bağlı Azərbaycan müvafiq addımlar atmaqdadır. Artıq İran üzərindən alternativ istiqamət müəyyənləşdirilib və tərəflərin razılığı əsasında körpülərin, yolların inşası prosesi sürətlə davam edir. Yəni, Azərbaycan qarşısında Ermənistan əngəli dövlətimizin ali rəhbərliyinin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində heç bir əhəmiyyət daşımır.

Beləliklə, Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.

İmişlidə yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxs Bakıya gətirildi

İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.