Şəmşad Ağa həbs edildi

Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

“Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək”.

GuNXeBeR.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.

O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektar xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.

Ötən il milli parklarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, çünki bu dövr quşların daha çox miqrasiya etdiyi vaxtdır. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər.

“İşğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır. Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir”, – deyə R. Allahverdiyev bildirib.

Türkiyə Superliqası: “Beşiktaş” üç xalı iki qolla aldı

Türkiyə Superliqasında 18-ci turun matçları oynanılır.

GuNXeBeR.Az xəbər verir ki, İstanbulda yerli “Beşiktaş” “Bodrumspor”u qəbul edib.

“Qartallar” rəqibə minimal fərqlə qalib gəliblər. Ndur və İmmobilenin qolları meydan sahiblərinə vacib 3 xalı qazandırıb – 2:1.

Hazırda “Beşiktaş” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində ilk beşliyi qapayır. Bodrum klubu isə autsayderlər sırasında yer alır. Komanda aktivindəki 15 xalla 17-cı sırada qərarlaşıb. Çempionatın şəriksiz lideri 47 xala malik “Qalatasaray”dır.

Sülhlə bağlı neçə maddə razılaşdırılıb? – Paşinyanın mətbuat katibindən mühüm açıqlama

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi ilə bağlı müzakirə olunan 17 maddədən 15-i razılaşdırılıb. Qalan 2 maddədə də ortaq məxrəcə gəlmək üçün qarşı tərəfin icra edəcəyi proseslər var.

GuNXeBeR.Az xəbər verir ki, birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik olunmalıdır. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır, Qarabağ muxtar vilayət kimi Ermənistanın bir hissəsi olaraq göstərilir. Azərbaycanın digər şərti isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir.

Görünür, bu məsələdə razılaşmanın əldə edilməsi ehtimalı artıb. Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. O bildirib ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi üçün müraciət etmək imkanını nəzərdən keçirir.

Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi yaxşı anlayır ki, burada havadarlara güvənmək tamamilə yolverilməzdir və regionda sülhün heç bir alternativi yoxdur: “Ümid edirəm ki, Azərbaycanın tələbləri tez bir zamanda icra olunacaq, İrəvan tərəfindən ictimaiyyəti çaşdıran çıxışlar görməyəcəyik və Minsk Qrupunun buraxılması ilə bağlı qətiyyətli addımlar atılacaq”.

Gəncədə sexdə yanğın baş verib

Gəncədə sexdə yanğın baş verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, yanğın Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində sexdə qeydə alınıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500 kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Gəncədə maşın ustası Kəlbəcər sakinini bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

GunXeber.Az  xəbər verir ki, hadisə Yeni Qəsəbə adlanan ərazidə qeydə alınıb.

Ağdam rayon sakini, 39 yaşlı Pərviz Qasımov Kəlbəcər rayon sakinini bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyəti orta ağırdır. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.

Hadisəni törədən şəxs maşın ustasıdır.

Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var.

GuNXeBeR.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qəflətən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xəsarət alanlar təxliyə edilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bakıda bir ay əvvəl yıxılan kişi öldü

Bakıda bir ay əvvəl yıxılan kişi ölüb.

GuNXeBeR.Az xəbər verir ki, hadisə ötən il dekabrın 8-də Nizami rayonu ərazisində baş verib.

54 yaşlı Qasım Qalib oğlu Əsgərov yıxılaraq ağır travma alıb. O, bir ay müddətində Kliniki Tibbi Mərkəzdə müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb və bu il yanvarın 8-də həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fermerlərin NƏZƏRİNƏ: Yeni subsidiyalar veriləcək

Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalıya görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil ediləcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı, təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Maraqlıdır, yeni qərarı şərtləndirən amillər hansılardır? Bundan sonra sözügedən sahədə nələr gözlənilir?

GuNXeBeR.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Azad olunmuş ərazilərdə fərqli əmsal

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qarğıdalı əkinlərinə görə fərqli əmsallar müəyyənləşib: “Növbəti təsərrüfat ilindən azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı əkinlərinə görə hər hektara 400 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış ərazilərdə qarğıdalı əkinlərinin hər hektarına görə 140 manat subsidiya ödəniləcək”.

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda tək qarğıdalı əkinləri deyil, bütün əkinlər subsidiyalaşdırılır: “Subsidiya dövlət dəstəyidir. Fermerin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mexanizmidir. Stimullaşdırma tədbiri olduğuna görə fermerlərə müsbət təsir edəcəyi gözlənilir”.

Həm qida, həm də yem bazası

İqtisadçı Cəfər İbrahimli düşünür ki, qarğıdalı olduqca faydalı xammaldır: “Qarğıdalıdan qida kimi istifadə olunur. Yağ, nişasta və digər məhsullar alınır. Heyvandarlıqda yem bazası kimi də istifadəsi nəzərdə tutulur. Bu baxımdan, məhsula görə subsidiyanın verilməsi nəzərdə tutulur ki, qarğıdalının istehsal müəssisələrinə təhvil verilməsinə maraq artsın. Müəssisələrə verilməsə də, qarğıdalının həm dənindən, həm də silosundan istifadə olunur. Maldarlıqda qarğıdalı silosu olmadan süd məhsuldarlığı əldə etmək mümkün deyil. Bu baxımdan qarğıdalıya subsidiya və güzəştlərin edilməsi çox müsbət hadisə kimi qiymətləndirilməlidir”.

Daha çox məhsul istehsal ediləcək

C.İbrahimlinin fikrincə, məhsul subsidiyalarının verilməsi reallaşandan sonra fermerlərin əldə etdikləri gəlirlər də artacaq: “Əkin subsidiyaları hər əkilən sahəyə görə verilir. Əkin subsidiyasında qarğıdalının hansı məqsədlə əkildiyinin fərqi yoxdur. Məhsul subsidiyası isə fermerlərin maraqlı olması üçündür. Məhsulun becərilməsinə qatqı məqsədi daşıyır. Əgər məhsul qida üçün emala gedirsə, hər iki subsidiya növündən yararlana bilərsiniz. Amma heyvandarlıq üçündürsə, yalnız əkin subsidiyaları şamil edilir. Qida kimi daha çox məhsul istehsal ediləcək, dəyər yaradacaq. Həmçinin təsərrüfat sahələrinin inkişafına dəstək olacaq. Qarğıdalının hətta atılan hissəsindən də istifadə edilir deyə, heç nə itkiyə getmir”.

“Əkin subsidiyaları artırılmalıdır”

İqtisadçı bildirib ki, məhsul subsidiyası ilə müqayisədə əkin subsidiyaları olduqca azdır: “Düşünürəm ki, qarğıdalıya ayrılan subsidiya arpa və buğda ilə müqayisədə daha çox olmalıdır. Çünki onun istehsal xərcləri daha çoxdur. O səbəbdən subsidiya həcmi iki dəfə artırılmalıdır. Lakin görürük ki, arpa və buğdaya verilən qədər əkin subsidiyası ayrılır. Nəzərə almalıyıq ki, qarğıdalıda yerli toxumlarımız standartlara cavab verə bilmir. Əkilən qarğıdalı toxumlarının 80 faizə yaxını xaricdən gətirilir. O isə olduqca baha başa gəlir. Fermerlər üçün əlavə xərc olduğunu nəzərə alsaq, əkin subsidiyaları artırılmalıdır. Məhsul subsidiyası üçün isə 50 manat normal məbləğdir”.

“Suvarma sistemlərinə də dəstək olmaq lazımdır”

Ekspert düşünür ki, qarğıdalı ilə bağlı təsərrüfatlarda xeyli inkişaf mövcuddur: “Son 10 ilə yaxındır məhsuldarlıq artıb. Dənlik qarğıdalının məhsuldarlığı 10 ton üzərinə çıxır, əvvəl 3-4 ton güclə olurdu. Silosluq qarğıdalıda da hər hektardan 60-70 ton məhsul götürülə bilir. Bu da fermerlərin əməyi nəticəsində baş verib. Düşünürəm ki, dəstək bir az da artırılsa, proses daha da inkişaf edər”.

C.İbrahimli bu sahədəki həll edilməli digər məsələlərə də toxundu: “Qarğıdalının suya çox ehtiyacı var. Onların suvarma sistemlərinə də dəstək olmaq lazımdır. Heyvandarlıq təsərrüfatları üçün bu qidaların əkilməsinə yer ayrılmalıdır. Hansı ki, özləri qarğıdalı yetişdirsinlər və ondan da yem kimi istifadə etsinlər. Belə olduqda, daha sərfəli yem bazalarını formalaşdırmış olarlar. Bu baxımdan qarğıdalı əkinlərinin artırılması vacibdir”.

Yeddi yaşlı Yunis yenidən əməliyyat olunmalıdır: “Nə yemək yeyir, nə su içir”

Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə GuNXeBeR.Az-a onun anası Aytən Süleymanlı məlumat verib.

O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:

“Yunisin yeddi yaşı var. O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər. Bir müddət sonra Yunisdə eyni vəziyyət təkrarlandı və oğlum yenidən əməliyyat olundu”.

Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:

“Yunis sentyabr ayında sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu, ilk dövrlər hər şey yaxşı olsa da, onun yanağı yenidən şişməyə başladı. Həkimlə danışdıq, bizi müayinəyə dəvət etdi. Yenidən müayinə zamanı bizə Yunisin təkrar əməliyyata ehtiyacı olduğu deyildi. Əməliyyat üçün lazım olan 2 000 manatın 1 400 manatını toplaya bilsək də, 600 manatımız hələ də çatmır. Yunisin üzü şişib, nə yemək yeyə bilir, nə su içə bilir. Bir ana üçün övladının bu cür əziyyət çəkməsi, inanın ki, çox ağırdır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirik”.

Ailə ilə əlaqə: (099) 328-13-23.

Beynəlxalq Bank: 5522 0993 6360 0404.