Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Gunxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanın açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı.

Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə – azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra – 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin də sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 30 mindən çox insan yaşayır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə də xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürur hissi ilə qeyd edir.

YouTube player

Mikayıl Cabbarovdan 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım

İqtisadiyyat naziri Mikayıl Cabbarov 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.

GuNXeBeR.Az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib:

“20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir. Şəhidlərimizin əziz xatirəsini qürur və ehtiramla yad edirik”.

“Apple” “TikTok”la yanaşı 10 tətbiqi “App Store”dan sildi

Amerikalıları düşmən ölkələr tərəfindən idarə olunan proqramlardan qorumaq üzrə qanunun bir hissəsi olaraq, “Apple” şirkəti “TikTok”la yanaşı Çinin “ByteDance” şirkətinə məxsus daha on tətbiqi “App Store”dan silib.

GuNXeBeR.Az xəbər verir ki, “TechCrunch” hadisəni görünməmiş adlandırıb, çünki “Apple” adətən silinmiş proqramların siyahısını dərc etmir.

Beləliklə, “TikTok”ün özü ilə birgə “TikTok Studio”, “TikTok Shop”, “CapCut”, “Lemon8”, “Hypic”, “Lark”, “Lark – Rooms Display”, “Lark Rooms Controller”, “Gauth: AI Study Companion” və “Marvel Snap” daxil olmaqla cəmi 11 proqram silinib.

“Apple” ABŞ qanunlarına əməl etməyə borclu olduğunu bildirib. Proqramların endirilməsi və yenilənməsi qadağası 19 yanvar 2025-ci ildə qüvvəyə minib.

Şəhidlərimizi ehtiramla anırıq

Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini, qətiyyətini dünyaya tanıdan qanlı 20 Yanvar faciəsinin üzərindən 35 il keçir. Hər il “qara yanvar” adlandırdığımız bu gündə böyükdən kiçiyə milyonlarla Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanına axın edərək azadlıq mübarizəmizin ölməz qəhrəmanlarına ehtiramını bildirir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa əmri ilə keçmiş sovet ordusunun hərbi bölmələri ağır texnikalarla Bakıya daxil olaraq azadlıq mübarizəsi uğrunda ayağa qalxan əliyalın Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam törədib. Bu bəşəri cinayət, dəhşətli terror aktı nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

GuNXeBeR.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Sovet blokadasını dağıdan çıxış

Bu faciəni dünyadan gizlətmək və başqa don geyindirmək məqsədilə SSRİ rəhbərliyinin tətbiq etdiyi misli görünməmiş informasiya blokadasının yarılması, Azərbaycan xalqının başına açılan bu müsibətin beynəlxalq aləmə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. 20 Yanvar hadisələrindən dərhal sonra ulu öndər oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Məhz Heydər Əliyevin SSRİ-nin repressiya aparatına meydan oxuyaraq 20 Yanvar həqiqətlərini Moskvadan dünyaya bəyan etməsi faciə ilə bağlı Azərbaycan üzərindən qanlı oyunlar qurmaq istəyənlərin planlarını alt-üst edib.

Bu hadisələrə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin anında xalqın arzusu və tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il mart ayının 29-da Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilib. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Müstəqillik yolunun ilk məşəli

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, müstəqillik uğrunda mübarizə yolunda məşəl rolunu da oynadı. Bu hadisələrdən sonra Azərbaycanda xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Bir tərəfdən sovet hakimiyyətinin amansızlığı, digər tərəfdən isə Qarabağda erməni terrorunun baş qaldırması, ərazilərimizdə separatizm ocaqlarının yaranması xalqımızı müstəqillik əzmindən döndərə bilmədi.

Artıq bu arzu gerçəkləşib

Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ardıcıl beş ildir ki, qalib dövlətin vətəndaşları olaraq yad edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 20 Yanvar faciəsinə rəvac verən, bəlkə də bu hadisələrin əsas səbəbi olan “böyük Ermənistan” faşizm ideologiyasına sarsıdıcı zərbə endirdi. Dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Xankəndidə, Şuşada, Kəlbəcərdə, Xocalıda Azərbaycan bayrağı dalğanlandırıldı. Bütöv, müstəqil və azad, güclü Azərbaycan 1990-cı il 20 yanvarda sovet tanklarının qarşısına əliyalın çıxaraq qəhrəmanlıq dastanı yazan şəhidlərimizin son və ən böyük arzusu idi. Artıq bu arzu gerçəkləşib. Yenə də minlərlə şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına. Bu gün Azərbaycan öz şəhidlərini qürurla, başı dik, alnı açıq bir şəkildə ehtiramla anır.

Onlar Azərbaycana qürurla baxırlar

20 Yanvar şəhidlərinin övladları, sevdikləri bu gün sabit, inkişaf edən, ictimai-siyasi həmrəyliyin hökm sürdüyü güclü Azərbaycanda yaşayırlar. Bu gün 20 Yanvar şəhidləri müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanından arzuladıqları, xəyalları olan Azərbaycana qürurla baxırlar. Çünki bu zirvəyə, möhtəşəm qələbəyə, bütöv Azərbaycana aparan mübarizlik yolunun başlanğıcını məhz onlar qoydular. İşğala son qoyan, sərhədlərimizi bütövləşdirən Silahlı Qüvvələrimizdə xidmət edən vətənpərvər gənclik məhz onların qəhrəmanlıq dastanları ilə yetişdi. 30 illik işğal dövründə hər bir vasitə ilə möhkəmləndirilmiş, “keçilməz sədd” adlandırılan maneələri dəf etmək üçün daim irəliyə gedən Azərbaycan əsgərinin ölümə meydan oxumaq qüdrətinin mayasında da 20 Yanvar şəhidlərinin cəsarəti, qorxmazlığı, mətinliyi dayanırdı.

Həmin hadisələrdən 35 ilə yaxın bir müddət keçsə də, 20 Yanvar faciəsi unudulmur və unudulmayacaq. Çünki bir millətin qan yaddaşı silinməz, pozulmaz qələmlə yazılır. Azərbaycan xalqının qan yaddaşında əbədiyyətə qədər özünə yer edən 20 Yanvar faciəsi dövlət müstəqilliyimizin hansı çətinliklərlə, hansı qurbanlarla əldə edildiyinin bir örnəyidir.

Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir

Son aylarda cəmi bir zənglə insanların kart hesabından pulların oğurlanması halları artmaqdadır. Görünən odur ki, bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanlar bəzən özləri də bilmədən belə dələduzların toruna düşürlər. Maraqlısı odur ki, bu şəxslər əsasən orta yaşlı nəslin nümayəndələrini daha çox tora sala bilirlər.

GuNXeBeR.Az Xəzər TV-yə istinadən məlumat verir ki, müavinət və ya pensiya kartlarında olan son qəpikləri də həmin işbazların tələsi ilə əldən çıxır. Əsasən xaricdə müəyyən ünvanlarda bu üsulla cinayət törədənlər elə pulları da xarici hesablara köçürürlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, belə şəxslərə qarşı qabaqcıl ölkələrdə xüsusi mübarizə üsulları var. Ekspert təklif edir ki, xüsusilə əməkhaqqı, müavinət və pensiya kartlarından xaricə pul köçürmələr dayandırılmalıdır.

Ekspert deyir ki, zəng edən şəxsin kimliyindən, özünü necə təqdim etməyindən asılı olmayaraq, kart məlumatları sahibinin özündə saxlanmalıdır.

Rəşad Əliyev bildirir ki, həmçinin banklar müştərilərini tora düşməmək üçün maarifləndirməli və bunun üçün xüsusi proqramlar hazırlamalıdır.

Ekspertin sözlərinə görə, bu üsullar sosial mühəndislik adlanır. Mobil nömrələrlə zəng edib özlərini bank əməkdaşı kimi təqdim etmək də bu modellərdən biridir. Dələduzlar insanın psixoloji zəifliyini taparaq pul qopartmağa çalışırlar.

Ətraflı süjetdə:

YouTube player

Türkiyədə 3 iranlının mədə və bağırsaqlarından 91 paket narkotik çıxdı

Türkiyənin Bitlis vilayətində sərnişin avtobusunda saxlanılan 3 iranlı şübhəlinin mədə və bağırsaqlarında narkotik vasitə gəzdirdiyi müəyyən edilib.

GuNXeBeR.Az “Haber Global”a istinadən xəbər verir ki, şübhəlilərin daxili orqanlarından 91 paketdə 1 kilo 126 qram metamfetamin çıxarılıb.

Hər üç şəxs tibbi əməliyyatdan sonra həbs olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Anar Əliyevin xanımı: “Şəhid olacağını bilsəydim, yenə onunla evlənərdim”

Baku TV-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev haqqında reportaj yayımlanıb.

Anar Əliyev 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 21-də Tuğ istiqamətində şəhid olub.

Həyat yoldaşı ilə bağlı xatirələrindən söz açan Vüsalə Əliyeva bildirib ki, Anar Əliyevin üzünü ilk dəfə valideynləri elçi gələndə şəkildə görüb:

“Anar Əliyevi hərbçi olduğuna görə şəxsən tanımamışam. Mən baba evində yaşayıb, təhsil almışam. Özüm Bərdə rayonundanam. Babamgil isə Tərtərdə yaşayırdılar. Təhsil aldığım dövrdə yoldaşımın atası və anası müəllimlərim olub. Qayınatam məni çox bəyənmişdi. Anar da sonralar dostları vasitəsilə mənim haqqımda məlumat əldə edib. Qərar verib ki, atasıgil elçi getsinlər. Anarı tanımasam da, atasını tanıdığım üçün evlənməyə qərar verdim. Özünü heç görməmişdim, o zamanlar Çexiyada idi. Elçi gələndə şəklini gətirmişdilər. Həyatımda atdığım ən doğru addım idi. Bundan sonra da bilsəydim ki, Anar şəhid olacaq, yenə o qərarı verərdim”.

Anar Əliyevin şəhid olması ilə bağlı xəbəri necə öyrənməsindən danışan V.Əliyeva həmin gün pis bir yuxu gördüyünü bildirib:

“Böyük qardaşıma zəng etdim, yuxumu onunla bölüşdüm. Dedi ki, Anar yaralanıb. Yenə də inanmadım. Əslində hamı şəhid olduğu ilə bağlı xəbəri eşidib, sadəcə mənə yaralandığını dedilər. Ayın 24-ü Bakıya gəldim. Həmin gün valideynlərinin evində vida mərasimi imiş. O ana kimi düşünmürdüm ki, Anar şəhid olar. Mən ona o qədər inanırdım ki, hamıya “Anara heç nə olmaz, ona güllə heç nə edə bilməz” deyirdim. Tabutun üstündə Anarın şəklini gördüm, ondan sonra nə baş verib xatırlamıram. Mənə söylədilər ki, sən qəhrəmanın ailəsisən, sənə yaraşmaz belə yerdə çökmək. Bu söz mənə güc verdi. İkinci Fəxri xiyabanda oktyabrın 25-i yoldaşım dəfn olundu. Həmin gün mən Anar Əliyevlə birlikdə yaşayan Vüsalə Əliyevanı da orada ruhən dəfn etdim”.

Ətraflı süjetdə:

YouTube player

Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı “Instagram” hesabında paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:

“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Gəncədə şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi

Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.

GuNXeBeR.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şortik üstündə yaranan mübahisə sonda bıçaqlanma ilə bitib.

Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış.

İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.

İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.