Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

GunXeber.Az xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qeyd edilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib.

Dəyişikliklə görə, bu səlahiyyətin verildiyi qurumlar sırasına Baş Prokurorluq da əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mariya Stadnikə vəzifə verildi

Karyerasını başa vuran Mariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

GunXeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

Prezident “Minatəmizləmə fəaliyyəti haqqında” qanunu TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bununla bağlı President.az məlumat yayıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1.qeyri-texniki tədqiqat – fiziki müdaxilə edilmədən təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər;

1.1.2.mina – yer səthinin və ya digər səthin üstündə, altında və ya yaxınlığında əvvəlcədən quraşdırılmış, insanın və ya nəqliyyat vasitəsinin mövcudluğu, yaxınlığı və ya bilavasitə təsiri ilə partlamaq üçün nəzərdə tutulmuş partlayıcı sursat;

1.1.3.mina əleyhinə fəaliyyət – minatəmizləmə fəaliyyəti, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, zərərçəkmişlərə dəstək göstərilməsi və partlayıcı sursatların sosial, iqtisadi və ətraf mühitə təsirinin azaldılması üzrə tədbirlərin məcmusu;

1.1.4.minatəmizləmə fəaliyyəti – qeyri-texniki və texniki tədqiqat, təmizləmə və keyfiyyətə nəzarətlə əlaqədar görülən işlər;

1.1.5. minatəmizləmə fəaliyyətinə dair tələblər (bundan sonra – tələblər) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, minatəmizləmə fəaliyyətinə dair ümumi norma və qaydaların əks olunduğu sənəd;

1.1.6.minatəmizləmə fəaliyyəti üzrə icraçı (bundan sonra – icraçı) – minatəmizləmə ilə əlaqədar fəaliyyət planı əsasında minatəmizləmə fəaliyyətinə cəlb edilən dövlət orqanı (qurumu), habelə bu Qanuna uyğun olaraq müqavilə əsasında minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və ya hüquqi şəxs;

1.1.7. minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurum (bundan sonra – səlahiyyətli qurum) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.8.minatəmizləmə ilə əlaqədar fəaliyyət planı (bundan sonra – fəaliyyət planı) – səlahiyyətli qurum və icraçılar üçün minatəmizləmə fəaliyyəti ilə əlaqədar konkret tapşırıqları müəyyən edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənəd;

1.1.9. minatəmizləyən – minatəmizləmə fəaliyyətini bilavasitə təhlükəli ərazilərdə həyata keçirən şəxs;

1.1.10. partlayıcı sursat – kütləvi qırğın silahları və onların sursatları istisna olmaqla, mina, partlayış üçün hazır vəziyyətə gətirilmiş, o cümlədən silahdan atılaraq, buraxılaraq və ya uçan vasitədən atılaraq partlaması nəzərdə tutulmuş, lakin partlamamış və ya qismən partlamış sursat, o cümlədən kasset sursat, istifadə edilməmiş, döyüş vəziyyətinə gətirilmiş və ya gətirilməmiş halda tərk edilmiş partlamamış sursat, əldədüzəlmə partlayıcı qurğular və ya onların partlayıcı tərkib hissələri;

1.1.11. standart əməliyyat prosedurları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tələblərə və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq müəyyən edilən və minatəmizləmə fəaliyyətinin texniki xüsusiyyətlərini əks etdirən təlimatlar toplusu;

1.1.12. texniki tədqiqat – fiziki müdaxilə edilməklə təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər;

1.1.13. təhlükəli ərazi – partlayıcı sursatların olması ehtimal edilən ərazi;

1.1.14. təmizləmə – təhlükəli ərazidə aşkar edilmiş partlayıcı sursatların çıxarılması, zərərsizləşdirilməsi və məhv edilməsi;

1.1.15. zərərçəkmiş – partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar bədən xəsarəti almış və (və ya) psixoloji yardıma ehtiyacı olan və (və ya) maddi zərər dəymiş şəxs.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasında mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil edilir.

3.2. Bu Qanun Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilmir.

2-ci fəsil

MİNA ƏLEYHİNƏ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ

Maddə 4. Mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri

4.1. Mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:

4.1.1. əhalinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi, sosial və ekoloji inkişafa şəraitin yaradılması məqsədilə partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılması;

4.1.2. minatəmizləmə fəaliyyətinin təhlükəsiz və səmərəli təşkili üçün normativ hüquqi bazanın formalaşdırılması;

4.1.3. təhlükəli ərazilərdə həyat və sağlamlıq üçün təhlükənin olması barədə əhalinin məlumat almaq hüququnun təmin edilməsi;

4.1.4. zərərçəkmişlərə qanunla müəyyən edilmiş dəstək tədbirlərinin göstərilməsi və minatəmizləyənlərə təminatların verilməsi.

Maddə 5. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə

5.1. Minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), habelə fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilir.

5.2. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) aşağıdakılara malik olmalıdırlar:

5.2.1. həyata keçiriləcək minatəmizləmə fəaliyyəti üzrə hazırlanmış daxili əməliyyat prosedurlarına;

5.2.2. müvafiq ixtisaslı minatəmizləyənlərə, habelə onların hüquq və vəzifələrini əks etdirən təlimatlara;

5.2.3. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı əməyin mühafizəsinin, o cümlədən təhlükəsizliyin təmin edilməsi imkanına;

5.2.4. heyvanların köməyi ilə partlayıcı sursatların aşkarlanması nəzərdə tutulduğu halda bu fəaliyyətin həyata keçirilməsi imkanına;

5.2.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün vasitə, alət və avadanlıqlara;

5.2.6. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təhlükəli ərazinin yaxınlığında ixtisaslı tibb işçilərindən və zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın göstərilməsi imkanına.

5.3. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları (qurumları) bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmalarının qiymətləndirilməsi üçün həmin tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə edilməklə, səlahiyyətli quruma müraciət etməlidirlər. Müraciətə daxil olduğu gündən 30 (otuz) gün müddətində baxılır.

5.4. Dövlət orqanının (qurumunun) bu Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edildikdə, müraciətin daxil olduğu tarixdən ən geci 10 (on) gün müddətində müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir. Məlumatda sənədlərdəki uyğunsuzluqlar dəqiq göstərilməlidir. Həmin uyğunsuzluqlar məlumat alındığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırılmalıdır. Bu zaman, bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və uyğunsuzluqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

5.5. Minatəmizləmə fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxslərə münasibətdə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, həmçinin onların idarəetmə, təşkilati və maliyyə-iqtisadi resurslara malik olmalarının müəyyən edilməsi məqsədilə əlaqədar aşağıdakıların mövcudluğu qiymətləndirilir:

5.5.1. hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına, habelə fiziki şəxslərin vergi uçotuna alınması;

5.5.2. fiziki və ya hüquqi şəxsin müqavilə üzrə öhdəliklərinin icrası üçün maliyyə imkanlarına malik olması;

5.5.3. minatəmizləmə fəaliyyəti ilə əlaqədar əvvəl bağlanılmış müqavilə (müqavilələr) üzrə öhdəliklərinin icra vəziyyəti;

5.5.4. tələblərə uyğun idarəetmə sistemlərinin (o cümlədən risklərin, əməliyyatların, məlumatların, təhlükəsizliyin və keyfiyyətin idarəetmə sistemlərinin) tətbiqi və bunu təmin edəcək təşkilati strukturun formalaşdırılması;

5.5.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən minatəmizləyənlərin bu Qanunun 12.1-ci maddəsinə uyğun sığortalanmasını təmin etmək imkanı.

5.6. Fiziki və ya hüquqi şəxslərin bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi səlahiyyətli qurum tərəfindən müraciət daxil olduğu gündən 60 (altmış) gün müddətində həyata keçirilir. Müraciətə bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində nəzərdə tutulan tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə olunur.

5.7. Müraciətə əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə məlumat müraciətin daxil olduğu tarixdən ən geci 5 (beş) iş günü müddətində müraciət edənə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar dəqiq göstərilməlidir. Həmin çatışmazlıqlar məlumat alındığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırılmalıdır. Bu zaman, bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş müddətin axımı dayandırılır və çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra bərpa olunur.

5.8. Bu Qanunun 5.2-ci və 5.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun olduqları müəyyən edildiyi halda müvafiq olaraq bu Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə müraciət edənin minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, əks halda isə səbəbləri göstərilməklə imtina barədə qərar qəbul edilir və müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir.

5.9. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

5.10. Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçirilir və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat verilir.

5.11. Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə haqq ödənilir.

Maddə 6. Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti

6.1. Qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından (qurumlarından), fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.

6.2. Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 (beş) iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

6.3. Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:

6.3.1. şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin görülməsi;

6.3.2. təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələnməsi;

6.3.3. minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;

6.3.4. təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;

6.3.5. təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkili.

6.4. İcraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş təhlükəli ərazilər üzrə bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminin məlumat bazasının məlumatlarından istifadə etməklə qeyri-texniki tədqiqat aparır və onun nəticələri əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan texniki tədqiqat planını tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.

6.5. İcraçı bu Qanunun 6.4-cü maddəsində göstərilən texniki tədqiqat planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat əsasında təmizləmə planı tərtib edir və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edir.

6.6. Texniki tədqiqat və təmizləmə bu Qanunun 5.10-cu maddəsinə uyğun olaraq qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetirilir.

6.7. Aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilir.

6.8. Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tələblərə uyğun olaraq azı 3 (üç) iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.

6.9. Bu Qanunun 6.4-cü və 6.5-ci maddələrində nəzərdə tutulan fəaliyyətin nəticələrini əks etdirən hesabatlar təmizləmə planının icrası yekunlaşdıqdan sonra, bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətin nəticəsini əks etdirən hesabat isə partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi işləri başa çatdıqdan sonra ən geci 5 (beş) iş günü müddətində icraçı tərəfindən səlahiyyətli quruma təqdim edilir.

6.10. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verilir.

6.11. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir.

6.12. Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələri) və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilir.

6.13. Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar bu Qanunun 9.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilməlidir.

6.14. Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti bu Qanunun 6.2 – 6.12-ci maddələrinin tələbləri nəzərə alınmaqla fəaliyyət planı əsasında həyata keçirilir.

Maddə 7. Səlahiyyətli qurumun xüsusi təyinatlı nəqliyyat vasitələri

Səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab edilir.

Maddə 8. Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət

8.1. Minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilir.

8.2. Keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edir.

8.3. İcraçı 15 (on beş) gün müddətində bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir.

8.4. Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılır.

8.5. Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdirilir.

Maddə 9. Minatəmizləmə fəaliyyəti sahəsində məlumatların toplanılması, idarə olunması və istifadəsi

9.1. Minatəmizləmə fəaliyyəti ilə bağlı məlumatların toplanılması, idarə olunması və istifadəsi üçün səlahiyyətli qurum tərəfindən minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi formalaşdırılır və aparılır.

9.2. Səlahiyyətli qurum və icraçılar tərəfindən aparılmış qeyri-texniki və texniki tədqiqat, təmizləmə, minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar, partlayıcı sursat qurbanları barədə, habelə bu Qanunda nəzərdə tutulmuş digər məlumatlar minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminə daxil edilir.

9.3. Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Maddə 10. Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə

10.1. Səlahiyyətli qurum əhali arasında partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici tədbirlər həyata keçirir, o cümlədən partlayıcı sursatların təhlükələri, bununla əlaqədar dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin vəzifələri, təhlükəli ərazilər və həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə bağlı maarifləndirici materialların hazırlanması və yayılmasını təmin edir.

10.2. İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.

Maddə 11. Zərərçəkmişlərə dəstək tədbirləri

11.1. Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstərilir.

11.2. Əlilliyi müəyyən edilmiş zərərçəkmişlərin hüquqları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.

3-cü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 12. Minatəmizləyənlərin təminatları

12.1. Minatəmizləyənlərin minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən sığortalanması müvafiq olaraq “Tibbi sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

12.2. Minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 13. Mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi

Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Bundan başqa, dövlət başçısı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti fevralın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

GunXeber.Az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Goranboy, Şəmkirdə cənub-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Öz rəhbərinin adını “nisyə dəftəri”nə yazdıran administratora HÖKM OXUNDU

Fərdi sahibkar Novruz Şöhrət oğlu Gülməmmədova məxsus, Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşən “Şöhlətoğlu” ailəvi istirahət mərkəzinin keçmiş administratoru saxlanılıb.

GunXeber.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, saxlanılan 1980-ci il təvəllüdlü S.Adil restoranda rəsmi olaraq aşpaz kimi qeydiyyata alınsa da, sahibkar ona inandığı üçün istirahət mərkəzində bütün işlərini görməsini həvalə edib.

Novruz Gülməmmədov şikayəti əsasında saxlanılan Adilə Cinayət Məcəlləsinin (178.2.2 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, sahibkarın ən yaxın adamı kimi tanınan Adil istirahət mərkəzinin tikintisi, təmiri, həmçinin ərzaq və digər məhsulların alış-verişini də özü edib.

Novruz Gülməmmədov Türkiyədə müalicə olduğu dönəmdə Adil İsmayıllı rayondakı qəssablardan, tikinti ləvazimatı mağazalarından onun adına nisyə mal götürərək pulları mənimsəyib, sahibkarın adını ticarətçilərin “nisyə dəftəri”nə yazdırıb. Sahibkar iddia edib ki, o, rəhbəri olduğu restoranın gündəlik alverindən qalan hər gün üçün 1500 manat xeyri də mənimsəyib.

İşin üstü isə Novruz Gülməmmədov İsmayıllı bazarında alış-veriş edən zaman qəssabın ona yaxınlaşmasından sonra açılıb. Belə ki, qəssab sahibkara 22 min manat borcunun olduğunu deyib. Sahibkar Adildən onun adından 2022-2023-cü illərdə nisyə götürdüyü (ət, pendir və digər ərzaqlara görə) 31426 manatlıq məhsulların pulunun geri qaytarılmasını tələb edib.

Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 17 avqust 2018-ci ildən 3 mart 2023-cü il tarixədək “Şöhlətoğlu” ailəvi istirahət mərkəzində administrator və aşpaz vəzifəsində işləyib.

Məhkəmənin qərarı ilə Adilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Adil cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Adil qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İş hazırda apellyasiya mərhələsindədir.

Xaçmazda kişi qohumunu bıçaqlayıb, onun arvadını maşınla vurdu

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

GunXeber.Az xəbər verir ki, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

51 nəfəri daşıyan avtobus yük avtomobili ilə TOQQUŞDU

Siyəzəndə baş vermiş avtobus qəzası nəticəsində yaralanan şəxsin kimliyi məlum olub.

GunXeber.Az APA-ya istinadən xəbər verir ki, onun Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov olduğu bildirilir.

N.Kiçikbəyov müvafiq tibbi yardımdan sonra evə buraxılıb.

Ermənistanın yaratdığı əngəllər Azərbaycanın qarşısında heç bir əhəmiyyət daşımır

Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.

Azərbaycan son illərdə tranzit imkanlarının genişləndirilməsi, gələcəyi hədəfləyən infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atıb. Pandemiya, Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ukrayna müharibəsi nəticəsində beynəlxalq səviyyədə müşahidə olunan geosiyasi və geoiqtisadi təlatümlər ölkəmizin qlobal əhəmiyyətli tranzit qovşağa çevrilməsi istiqamətində unikal imkanlar yaradıb.

GunXeber.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

“Nəqliyyat xəritəsini bizsiz təsəvvür etmək mümkün deyil”

Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Bakı bu imkanlardan maksimum dərəcədə yararlanmağı hədəfləyir. Qeyd etdiyimiz amillər nəticəsində dünyanın dəyişən mənzərəsində beynəlxalq iqtisadi inkişafın əsas lokomotivlərinin diqqəti Azərbaycandan keçən alternativ nəqliyyat dəhlizlərinə istiqamətlənib. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə üzərinə vurğu edilən məqamlar Azərbaycanın sözügedən sahədə qlobal miqyaslı oyunçuya çevrilmək niyyətindən xəbər verir. Dövlət başçısının da vurğuladığı kimi, “bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”.

Bu gün Azərbaycan Rusiya ilə İran körfəzini birləşdirən Şimal-Cənub, Çindən, Mərkəzi Asiyadan Avropaya quru konteynerlərin çatdırılmasını nəzərdə tutan Transxəzər, Orta dəhlizin əsas arteriyası sayılan Bakı-Tbilisi-Qars kimi meqatranzit layihələrə malikdir. Ölkəmizin qarşısında dayanan başlıca vəzifə məhz bu layihələr çərçivəsində sahib olduğumuz imkanları daha da genişləndirməkdir. Prezident İlham Əliyevin də müvafiq qurumlar qarşısında qoyduğu əsas vəzifələr məhz bunu diktə edir: “Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”.

Statistik rəqəmlər nə deyir?

Statistik məlumatlar da hər bir istiqamət üzrə gələcək proqnozların sürətli artımından xəbər verir. 2024-cü ildə Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı tranzit, 212-si isə idxal yüklərinin daşınmasını təmin edib. 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının üç dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Artan tələbat fonunda 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi bir milyon tondan beş milyon tona çatdırılıb.

Şimal-Cənub dəhlizi ilə isə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7.6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3.2 faiz çoxdur.

Qarşıdakı beş il ərzində İran ilə Azərbaycan arasında tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə iki dövlət arasında razılıq əldə olunub. Özbəkistanın Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, o cümlədən Azərbaycan ərazisindən yeni tranzit dəhlizlərinin yaradılması üzərində işləyir. Bu işlər Qazaxıstan tərəfində də sürətlə həyata keçirilir.

çatdırılması hədəfdədir. Artan tələbat fonunda bu da son deyil. Buraya hava limanlarının tikintisinin yekunlaşdırılması, əlavə dəmiryolu və avtomobil yollarının imkanlarının genişləndirilməsi də daxildir. Bütün bu işlərin vahid konsepsiya halında, zamanında icrası da diqqət mərkəzindədir. Dövlət başçısının da qeyd etdiyi kimi, “bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum – AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu – bütün bu məsələləri nəzərə alacaqdır”.

Zəngəzur dəhlizi ilə bağlı mövqe dəyişilməzdir

Təbii ki, Azərbaycanın qlobal tranzit qovşağa çevrilməsi tək iqtisadi yox, həm də siyasi çeviklik tələb edir. Bu məsələdə Zəngəzur dəhlizinin reallaşması və Bakının hədəflərinə qarşı məkrli planların zərərsizləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Artıq ölkəmizin ikinci istiqamət üzrə zəngin təcrübəsi də var. Dövlət başçısının müşavirədə Bakı-Tbilisi-Qars layihəsinin ilkin vaxtlarında üzləşdiyimiz çətinliklərlə bağlı səsləndirdiyi fikirlər buna misaldır. Zəngəzur dəhlizinə gəldikdə isə, rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın qeyri-konstruktivliyi səbəbindən açılışı hələ də reallaşmayan bu dəhlizlə bağlı Azərbaycan müvafiq addımlar atmaqdadır. Artıq İran üzərindən alternativ istiqamət müəyyənləşdirilib və tərəflərin razılığı əsasında körpülərin, yolların inşası prosesi sürətlə davam edir. Yəni, Azərbaycan qarşısında Ermənistan əngəli dövlətimizin ali rəhbərliyinin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində heç bir əhəmiyyət daşımır.

Beləliklə, Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.