Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan M.Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.

Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Prezident Şahin Bağırovu təltif etdi

Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Ş.Bağırov Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb.

GuNXeBeR.Az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Onun üzərindən və evindən 7 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakıda qadın hamamda qazdan boğulub öldü

Bakıda qadın qazdan zəhərlənib.

GuNXeBeR.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

56 yaşlı Aytən Mirzəli qızı Qənbərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Avtomobilini geriyə hərəkət etdirərkən 71 yaşlı qadını vurub öldürdü

Göyçay şəhərində BMW markalı avtomobilin sürücüsü Rəşad Fərzəliyev avtomobili geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub.

GuNXeBeR.Az xəbər verir ki, qadın aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan GuNXeBeR.Az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb

Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb.

GuNXeBeR.Az “Report”a istinadla xəbər verir ki, Babaser kənd sakini, 1995-ci il təvəllüdlü Dünya Güləbala qızı Ağayeva yanvarın 4-də dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

Göstərilən tibbi yardımlara baxmayaraq, D.Ağayeva yanvarın 10-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı Eldar Ağayev saxlanılıb.

Onun üzərindən və istifadəsiz tikilidə gizlətdiyi yerdən 6 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirdi

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir”.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində məlumat verilib.

Bildirilib ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.

“Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!”

Dişlər üçün zərərli qidaları orqanizmə faydalı etməyin yolları – Mütəxəssis tövsiyəsi

İstifadə etdiyimiz qidalar, məsələn, sadə karbohidratlar – peçenye, tortlar, çipslər və qəlyanaltılar dişlərin sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərə bilər.

GuNXeBeR.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tibb elmləri namizədi, ortodont Mariya Mixaylova bildirib.

Onun sözlərinə görə, evdə lazımi gigiyena ilə sadalanan məhsullar dişlərə zərər vermir.

“Lakin ağız boşluğunun gigiyenası qaydalarına riayət edilmədikdə qida qalıqları minanın biopərdəsinə yapışaraq, kariyes bakteriyalarının çoxalması üçün əlverişli mühit yaradan ərp əmələ gətirir”, – deyə o izah edib.

Mütəxəssisin sözlərinə görə, zərəri azaltmaq üçün onları dişlər üçün daha təhlükəsiz məhsullarla – meyvələr, ləpələr, mötədil miqdarda tünd şokolad, tərəvəz çubuqları (məsələn, yerkökü və ya kərəviz), yağsız və duzsuz popkornla əvəz etmək olar.

“Alkoqol da ağız boşluğunun vəziyyətinə mənfi təsir göstərir. Həddindən artıq alkoqol qəbulu, orqanizmə ümumi zərərdən əlavə, ağızda quruluğa səbəb olur. Tüpürcək minerallaşdırıcı xüsusiyyətlərə malikdir və kifayət qədər olduqda minanı onu əhatə edərək kariyesdən qoruyur. Tüpürcək ifrazı azaldıqda dişlər belə müdafiədən məhrum olur və kariyes riski artır. Bu problemdən qaçmaq üçün alkoqolsuz içkilərə və ya adi suya üstünlük vermək daha yaxşıdır”, – deyə ekspert əlavə edib.

Ekspert sitrus meyvələri (limon, mandarin, portağal) və giləmeyvələr kimi turş qidaların kariyes bakteriyalarının çoxalması üçün əlverişli şərait yaradan turşular və şəkərlər ehtiva etdiyini vurğulayıb.

“Bu iki amil bir-birini gücləndirir: bir tərəfdən turşular minanı dağıdır, digər tərəfdən bakteriyalar şəkərlərin yaratdığı əlverişli mühitdə çoxalır və böyük miqdarda dişin səthinə dağıdıcı təsir göstərən məhsullar ifraz edir. Bu məhsulları alma, banan və ya armud kimi neytral meyvələrlə əvəzləmək olar”, – deyə mütəxəssis bildirib.

Bununla belə həkim vurğulayıb ki, bu, sadalanan məhsulları qida rasionundan tamamilə çıxarmaq lazım olduğu demək deyil.

“Dişlərin sağlamlığını uzun illər qorumağa kömək edəcək bir sıra ehtiyat tədbirləri var – evdə keyfiyyətli gigiyena (diş fırçası, diş ipi və irriqatordan istifadə etməklə gündə iki dəfə dişlərin təmizlənməsi), profilaktik müayinələr üçün stomatoloqa müntəzəm gedişlər və minanın öz-özünə təmizlənməsinə kömək edən bərk qidaların, həmçinin kalsium və fosforla zəngin qidaların (süd məhsulları, balıq, qoz-fındıq) qəbulu. Əsas məsələ bu ehtiyat tədbirlərinə riayət etməkdir”, – deyə həkim sözlərini yekunlaşdırıb.

Azərbaycana idxal olunan TOYUQ ƏTİNDƏ təhlükə var?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) istehlakçıları Rusiyadan idxal olunan toyuq ətində təhlükə ilə bağlı xəbərdarlıq edib.

Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentindən GuNXeBeR.Az-a verilən məlumata görə, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur:

“Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil. Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir”.

“Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 833,2 ton ev toyuğu əti idxal olunub. Rusiyadan gətirilən toyuq əti, əsasən, ana toyuqların ətidir. Hansı ki, həmin toyuqlar qocalaraq yumurta vermək potensialını itiriblər. Belə toyuqların əti çox keyfiyyətsiz, demək olar ki, bütün qida dəyərini itirmiş formadadır”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, ötən ilin əvvəlindən Rusiyada toyuq ətinin çatışmazlığı və qiymətlərin sürətlə bahalaşması baş verib:

“Nəticədə Rusiya hökuməti 100 min ton toyuq əti idxalını rüsumlardan tamamilə azad edib. Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxal rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi? Bütün bunları nəzərə alaraq, Azərbaycan istehlakçılarını diqqətli olmağa, əlaqədar dövlət qurumlarını isə keyfiyyətsiz məhsulların ölkəyə idxalının qarşısını almağa çağırırıq”, – deyə bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlanıb.