Həkim “terroru”nun qurbanları – Bakı sakinlərinin estetik əməliyyatlarla bağlı fikirləri necədir?

Son zamanlar gözəllik qurbanlarının sayı artıb. Bəzən uğursuz estetik əməliyyatlar ölümlə nəticələnir.

Yanvarın 12-də ölkə gündəmini zəbt edən, burun əməliyyatından sonra həyatını itirdiyi iddia edilən 30 yaşlı Nəzrin Mansurovanın başına gələnlər kimi hadisələr estetik əməliyyat etdirmək istəyənlərin canına qorxu salır.

Maraqlıdır, hadisənin səbəbinin həkim səhlənkarlığı olduğu sübut olunarsa, cəza nə olacaq?

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, belə olan halda həkim Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinə və 2-5 il müddətə azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Nəzrin Mansurovanı əməliyyat edən Sənan Mehdiyev 10 il öncə 18 yaşlı qızın ölümünə səbəb olduğu üçün Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib.

Sonradan bu cəza ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənərək cəzası çəkilmiş hesab olunub.

Bakı sakinləri estetik əməliyyatlarla bağlı fikirlərini Baku TV-yə bölüşüblər:

YouTube player

Tanınmış iş adamı ağır qəzaya düşdü – TƏFƏRRÜAT

Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunXeber.Az xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, Beyləqan rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Opel” və VAZ-2107 markalı minik maşınları toqquşub, idarəetmədən çıxan VAZ-2107 “Mercedes Atego” markalı yük maşınına çırpılıb. Xəsarət alan iki nəfər – Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır.

O, Türkiyədə tanınmış “Eu-Turan” Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

Ev qiymətinə satılan qəbirlər: Məzar yerləri əhaliyə pulsuz VERİLİR?

Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.

Bu, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda öz əksini tapıb.

Dəfnlə bağlı bir çox məqamların yer aldığı qaydada qəbir yerlərinin ayrılması və dəfnin təşkili məsələsi də vurğulanıb. Hazırda ölən şəxsin yaxınları meyiti dəfn etmək üçün müəyyən məbləğə qəbir yeri aldığını deyirlər. Yəni ölən şəxsin yaxınlarına məzar üçün yer ərazidən asılı olaraq müxtəlif qiymətə təklif olunur. Hətta təklif edilən məbləğ bir evin qiymətinə qədər gedib çıxır.

Azərbaycanda qəbir yeri pulsuzdur

Lakin yuxarıda qeyd etdiyimiz qaydada qəbir yerlərinin pulsuz ayrıldığı yazılıb. Belə ki, qaydanın 17 -ci bəndində qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Lakin dəfnlə bağlı təklif edilən xidmətlər üçünsə müəyyən məbləğ nəzərdə tutulub. Qanun deyir ki, qəbiristanlıq müdiriyyəti tərəfindən ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmayıbsa, onun yuyulması, tabut və nəqliyyatla təmini, qəbir yerinin qazılması, dəfn zamanı dini ayinlərin icrası, ad, soyad, ata adından ibarət lövhənin hazırlanması və digər xidmətlər təklif olunur. Bu xidmətlər ödənişlidir. Lakin bu xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.

Dəfn üçün nə qədər pul ayrılır?

Ötən il dəfn üçün verilən birdəfəlik müavinətin məbləği 500 manat, əmək pensiyaçıları üçünsə minimum pensiya məbləğinin 3 misli qədər idi.

Qaydada o da qeyd edilib ki, xidmətlərin ayrı-ayrılıqda və ya ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.

Amma qəbiristanlıqla, dəfnlə bağlı illərdir bir məbləğdən də söhbət gedir. Bəzi yerlərdə qəbir yeri üçün və ya dəfn xidmətləri üçün konkret dövlət rüsumunun olduğu qeyd edilib.

Müsəlmanlar 63, qeyri-müsəlmanlar 49 manata dəfn olunurlar

Oxu.Az xəbər verir ki, məsələyə aydınlıq gətirən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Bizim.media-ya deyib ki, dəfn xidməti üçün dövlət rüsumu müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçünsə 49 manatdır.

Onun sözlərinə görə, qiymət fərqi dəfn adət-ənənəsi ilə bağlıdır:

“Onların adətlərinə görə, meyit tabutla basdırılır və hörgü hörülmür. Ona görə də rüsum azdır. Bizdə isə hörgü hörülür, əhəng daşı, hörgü daşı istifadə edirlər. Bu rüsuma tikinti materialları daxil deyil. Bu, məzarın qazılması və dəfn olunması xidmətinə görə ödənilir. Yəni əməkhaqqıdır. Tikinti materiallarının qiyməti isə bazara uyğun hesablanır”.

“Rüsum illərdir belədir. Bizim balansımızda olan qəbiristanlıqlarda lövhədə bu qiymət yazılıb. Bizim balansımızda 3-4 dənə məzarlıq var. Əksəriyyəti bələdiyyələrə verilib. Rüsum dəyişməyib. Amma bələdiyyələr nə qədər rüsum alır, onu bilmirəm”, – deyə Sabir Həsənov qeyd edib.

Sumqayıtda QƏZA: Ölənlər var

Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.

GuNXeBeR.Az “Report”a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.

“Hyundai” və KIA markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Elmin İnkişafı Fondunun direktoru CƏRİMƏLƏNİB

“Azərbaycan Elm Fondu” Publik Hüquqi Şəxsi barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

GuNXeBeR.Az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

İşə 28.01.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanovadır.

Səbail sakinləri parkda tikilən restorana etiraz edirlər, qurum isə bildirir ki, ELƏ FAKT YOXDUR

Bakının Səbail rayonunda parkın içərisində tikilən restoran sakinlərin narazılığına səbəb olub.

GuNxeber.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunub ki, balaca bir parkda artıq dördüncü restoran tikilir.

“Bir ara saytlar yazdı, guya sökdülər. Sonra yenə tikdilər. Sonra da deyirlər ki, ətraf mühit korlanır”, – deyə paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı parka nəzarəti həyata keçirən Bakı Abadlıq Xidmətinin (BAX) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva GunXeber.Az-a açıqlamasında bildirib ki, “Bayıl bağı” kimi tanınan Qafur Məmmədov adına parkda yaşıllığa ümumi qulluq, təmizlik işləri “Bakı Abadlıq Xidməti” MMC-nin nəzarətindədir.

“Fotoda əks olunmuş tikilinin isə xidmətə heç bir aidiyyəti yoxdur. Qeyd edək ki, parklara xidməti həyata keçirən BAX-ın səlahiyyətləri hər hansı tikili ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırmaqdan kənara çıxmır”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə GuNXeber.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bayıl parkını ərazisinə baxış keçirilib, hər hansı yeni tikinti faktı aşkar edilməyib.

“16 yanvar 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Mirzə Mustafayev və Aydın Nəsirov küçələrinin kəsişməsində yerləşən “Bayıl bağı”nın ərazisinə baxış keçirilib, hər hansı yeni tikinti faktı aşkar edilməyib.

“Məlumat üçün bildiririk ki, sözügedən ünvanda yerləşən obyekt xüsusi mülkiyyətə aid olan köhnə tikilidir və hazırda orada təmir-bərpa işləri aparılır. Odur ki, sosial şəbəkələrdə yayılan məlumatlar və şəkillər həqiqəti əks etdirmir”, – deyə açıqlamada vurğulanıb.

Vətəndaşların “BakıKart” QR-biletlərindən pul vəsaitləri silinib? – AÇIQLAMA

“Noyabr ayında texniki xəta səbəbindən müştərilərin “BakıKart” QR-biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb”.

Bu sözləri Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Arzu Əliyeva GuNXeber.Az-ın sorğusuna cavab olaraq bildirib.

Arzu Əliyevanın sözlərinə görə, bank tərəfindən öncədən müştərilərə sms bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından geri çıxılacaq:

“Bildirişdə qeyd olunduğu kimi həmin tarixdə bank tərəfindən müvafiq əməliyyat icra olunub.

İcra edilən əməliyyatla bağlı müvafiq dövrdə müştərilərdən silinmələrə dair sorğular alınıb, araşdırılıb və bütün hallarda müştərilərə ətraflı məlumat verilib. Qeyd edək ki, heç bir halda müştərinin balansından təyinata uyğun olmayan vəsaitin silinməsi baş verməyib”.

Həmçinin A.Əliyeva vurğulayıb ki, gələcəkdə bu kimi halların yaşanmaması üçün “BakıKart” ilə qurulan servislərdə təkmilləşdirilmə işləri aparılıb və 31 dekabr tarixindən etibarən “BakıKart” QR-bilet statuslarını ötürən yeni APİ servisin istifadəsinə başlanılıb:

“Qeyd edək ki, bu proses tamamilə bank və müştəri arasındakı müqavilənin şərtlərinə uyğun həyata keçirilib. Müştərilərimizin hüquqlarının və məmnuniyyətinin qorunması daim bankımızın diqqətindədir. Bu istiqamətdə mütəmadi olaraq tədbirlər görülür. Bankın təqsiri nəticəsində müştərilərə hər hansı zərər dəyərsə bank tərəfindən müştərilərin vəsaitləri bərpa edilir.

Xatırladaq ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində QR-bilet yaratmaq kifayətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır”.

Sərnişindən ŞİKAYƏT: “Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur”

Sərnişin 525 nömrəli marşrut xəttində işləyən 99-LF-628 dövlət nömrə nişanlı avtobusundan şikayətçidir.

GunXeber.Az xəbər verir ki, onun şikayətinə səbəb sözügedən avtobus sürücüsünün uşaq arabası ilə nəqliyyat vasitəsinə minməsinə icazə olmadığını bildirməsi olub.

“İctimai nəqliyyatda başıma çox qəribə bir hadisə gəldi. Mən uşaqlı idim. Uşağın da arabası var idi. 525 nömrəli marşrut üzrə işləyən avtobusa minmək istəyəndə sürücü uşaq arabası ilə minməyə icazə olmadığını bildirdi. Biz etiraz edəndə dispetçer də gəlib icazə olmadığını dedi. Necə olur ki, metroda, “BakuBus”da buna heç kim heç nə demir, amma digər marşrut xətlərində avtobusa uşaq arabası ilə minə bilmirik? Mən bunu deyəndə heç nə demədilər, mindim. Lakin düşəndə məndən artıq gediş haqqı istədilər ki, bəlkə çox verəsən?” – deyə sərnişin qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

İynə vurduğu xəstə öldü, həkim həbs edildi

Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.

GunXeber.Az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.

O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.

Belə ki, Şəki rayonu, Kiş kəndinin sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. “Kifoskolioz” diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında “Flosteron” və 5 ml-lik “Novokain” dərman qarışığı, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatları vurulub.

Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. Qadın orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.

Məhkəmə 70 yaşlı həkim qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

“Azərbaycan Uşaqları” İctimai Birliyi ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək.

“Azərbaycan Uşaqları” İctimai Birliyi ilə ali təhsil müəssisələri arasında görüşlər keçirilir.Əməkdaşlıq çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin əməkdaşları Bakı Dövlət Universiteti,Bakı Avrasiya Universiteti,Bakı Biznes Universiteti,Bakı Slavyan Universiteti,Azərbaycan Universiteti və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müvafiq əməkdaşları ilə görüşüb.

Görüşün keçirilməsində məqsəd ikitərəfli əməkdaşlığın həyata keçirilməsi,tələbələrin inkişaf etdirilməsi və İctimai Birliyin təcrübə proqramları ilə tələbələrin məlumatlandırılmasıdır.Birliyin təcrübə proqramlarının Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” və “Təhsildə sosial-psixologiya xidmətləri” ixtisaslarının, Hüquq, Jurnalistika fakültələrinin tələbələrinə yönləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki,artıq neçə ildir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi davamlı olaraq dövlət və özəl ali təhsil müəssisələri,kolleclər ilə tələbələrin inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsi aparır.Təcrübə müddəti ərzində tələbələr İctimai Birliyin ixtisaslı mütəxəssisləri tərəfindən praktiki və nəzərəri biliklər əldə edir.

Görüşlərin digər dövlət ali və özəl təhsil müəssisələri ilə də keçirilməsi nəzərdə tutulub.