Azərbaycanda maraqlı və qeyri-adi toy keçirilib. Yevlax rayonunda təşkil edilən məclisdə gəlin iştirak etməyib.

Gunxeber.Az  xəbər verir ki, bu toy Yevlax rayonunun Qoyunbinəsi kəndində baş tutub. Hər şey adət-ənənəyə uyğun təşkil edilib.

YouTube player

Qonaqlar gəlib, musiqi səslənib, süfrələr açılıb. Toy əhvali-ruhiyyəsi yaşansa da, bir məqam hər kəsi təəccübləndirib: toy məclisinin əsas qəhrəmanlarından biri olan gəlin mərasimdə iştirak etməyib. Ailənin bildirdiyinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib. Gəlin toy məclisini canlı bağlantı vasitəsilə izləyib, qonaqlarla məsafədən də olsa ünsiyyət qurub. Kənd sakinlərini təəccübləndirən bu hadisə uzun müddət müzakirə mövzusuna çevrilib.

Bəs gəlin toya niyə qatıla bilməyib?

Bəyin atası Şirin Şirinov məsələ ilə bağlı açıqlamasında bildirib ki, təxminən 5-6 ay əvvəl oğluna toy etməyi təklif edib:

“Dedim ki, gəl, sənin toyunu edim. Göstərdiyim qızlara baxırdı, deyirdi ki, yaşı uyğun deyil, balacadır. Dedim, gəl toyu edək, qızı sonra taparsan. Bir müddət sonra gəlib dedi ki, ata, sən haqlısan, gəl toyu edək, qızı sonra taparam. Bir həftənin içində hər şey həll olundu və toy etdik. Qız Tailanddandır. Dedim, Allah xoşbəxt eləsin. Mənim üçün insan insandır, hansı ölkədən olmasının fərqi yoxdur”.

Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu qızı artıq bir ildir tanıyır:

“Oğlum bir ildir Tailandda yaşayan həmin qızla danışırdı. Onun xətrinə ingilis dilini öyrəndi. Qız universitetdə təhsil aldığı üçün ona gəlməyə icazə vermədilər. Buna görə də toy burada oldu, oğlum isə sonradan yenidən onun yanına getdi. Gəlini telefon vasitəsilə görmüşəm, Azərbaycan dilində xeyli söz bilir. Bizə “ana”, “ata” deyir”.

Yevlaxda gəlin olmadan keçirilən toy ailə üçün qeyri-adi olsa da, bu gün onlara xüsusi və unudulmaz bir xatirə bəxş edib.