“Biz elə bir rəqiblə üz-üzəyik ki, bütün diqqətimizi tam şəkildə bu qarşılaşmaya yönəltməliyik. Əminəm ki, futbolçularım meydanda yalnız oyuna fokuslanacaqlar və hər biri bacardığının ən yaxşısını nümayiş etdirməyə çalışacaq”.

Gunxeber.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində, “Enfild” stadionunda keçirilən mətbuat konfransında səsləndirib.

Təcrübəli mütəxəssis bu cür böyük oyunların həm sınaq, həm də yüksək məsuliyyət daşıdığını vurğulayıb:

“Bu günə kimi kifayət qədər çətin imtahanlardan keçmişik və çox şükür ki, onların öhdəsindən gəlmişik. Sabah da daha yaxşı nəticə qazanmaq imkanımız var. Əgər indiyədək əldə etdiklərimizdən üstün nəticə əldə etmək şansı mövcuddursa, bu artıq təkcə oyun deyil – ciddi imtahan və böyük məsuliyyətdir. Bu qarşılaşma həmin imtahanlar arasında ən yüksək səviyyədə olanlardandır. “Liverpul”a qarşı maksimum diqqətli olmalıyıq”.

Baş məşqçi hər oyuna realist yanaşmağın vacibliyini də qeyd edib:

“Hər matça real baxmaq lazımdır. İndi daha məsuliyyətli və diqqət mərkəzində olan görüşlər mərhələsinə daxil oluruq. Ola bilər ki, nəticə istədiyimiz kimi alınmasın. Amma istənilən halda bu oyunlar uzun müddət müzakirə olunacaq”.

Qurban Qurbanov əlavə edib ki, bu səviyyədə komandalarla, belə möhtəşəm arenalarda oynamaq nəticədən asılı olmayaraq gələcək üçün dəyərli təcrübə qazandırır:

“Bu tip qarşılaşmalar həm klub, həm də futbolçular üçün böyük təcrübədir. Hətta məğlubiyyət olsa belə, gələcək uğurlar üçün ciddi təkan rolunu oynayacaq”.

Qeyd edək ki, Liverpul – Qarabağ oyunu yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.