Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Gunxeber.Az yeni ekologiya və təbii sərvətlər nazirinin dosyesini təqdim edir:

Rəşad İsmayılov 1979-cu il avqustun 27-də anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər auditor təşkilatında hüquqşünas-mütəxəssis işləyib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi və böyük hüquq məsləhətçisi vəzifələrində çalışıb. 2009-cu ildə həmin xidmətin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi olub.

2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə həmin qurumun Hüquq və təşkilati təminat şöbəsinin Hüquqi ekspertiza sektorunda baş məsləhətçi vəzifəsində işləyib.

2013-2016-cı illərdə Hüquq və təşkilati təminat şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri olub. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsində müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb.

2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə isə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.

Rəşad İsmayılov 15 avqust 2024-cü ildən etibarən bu günədək Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində fəaliyyət göstərib.