“MrBeast” kimi tanınan “YouTube” fenomeni Cimmi Donaldsona məxsus “Beast Industries” şirkəti yeniyetmələr və gənc istifadəçilər üçün nəzərdə tutulmuş “Step” bank tətbiqini satın alıb. Razılaşma bloqerin şəxsi maliyyə və investisiyalara həsr olunmuş yeni “YouTube” kanalının istifadəyə verilməsinin elanından bir neçə ay sonra baş tutub.
Gunxeber.Az-ın xəbərinə görə, bu barədə “The Verge” nəşri məlumat verib.
Donaldsonun əsas kanalının 466 milyon abunəçisi var və platformada ən populyar resurslardan biridir. O, tez-tez külli miqdarda pullar bağışlayır. Media layihələrindən əlavə, onun biznesinə virtual restoranlar şəbəkəsi, “Featables” qəlyanaltı (snek) brendi və işə salınmasına hazırlıqlar görülən “Beast Mobile” mobil əlaqə xidməti daxildir. “Step”in satın alınması şirkətin maliyyə xidmətləri sahəsində ilk layihəsidir.
“Step” fiziki filialları olmayan mobil banklar kateqoriyasına daxildir və “Monzo” və “Revolut”a bənzər model əsasında fəaliyyət göstərir, sırf yeniyetmə auditoriyası üçün nəzərdə tutulub. Xidmətin investorları arasında daha əvvəl Z nəslinin nümayəndələri, o cümlədən “MrBeast”in videolarında da yer alan bloqerlər Coş Riçards və Çarli Deamelio da var.






