Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunacaq.

Bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev Gunxeber.Az-a məlumat verib.

O bildirib ki, Elxan Səmədovun 3-4 ay sonra yenidən əməliyyat olunması planlaşdırılıb:

“3-4 ay sonra yenidən əməliyyat planlaşdırılır. Hansısa çətinlik yaşanmaması üçün həkimlər tam nəzarətdə saxlayırlar. İndi hər şey qaydasında gedir”.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” avtomobili Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən sonra E.Səmədov Türkiyədə və Azərbaycanda bir neçə dəfə əməliyyat olunub.