Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca altıncı “Məzun Günü” baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.

Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin “PAŞA Holding”in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında ölkə üzrə dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində keçirilən tədbirlərdən danışıb:

Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi strateji sənədlərin icrası çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin hazırlanması, insan kapitalının gücləndirilməsi və milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində mühüm töhfələr verməkdədir”.

Tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberPark” layihəsinin təqdimatı baş tutub. Daha sonra məzunlardan ibarət komanda tərəfindən hazırlanan yekun layihə təqdim edilib. Komanda üzvləri tədris müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan nəticələri nümayiş etdiriblər.