Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, “Realmedia.az” saytının baş redaktoru Ramin Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Gunxeber.Az Oxu.az-a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Ramin Qurbanov özünü “Realmedia.az” xəbər saytının baş redaktoru kimi təqdim edərək 2021-2024-cü illərdə bir neçə şəxsi hədə-qorxu ilə pul verməyə məcbur edib.
Belə ki, o, əvvəlcə 2021-ci ilin fevral ayında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən zərərçəkmiş şəxsi hədə-qorxu ilə 500 manat pul verməyə məcbur edib.
Daha sonra – 2023-cü ilin avqust ayında eyni üsulla xəstəxananın digər direktorundan 600 manat, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Xocavənd Rayon İcra Hakimiyyətinin müavinindən 150 manat, 2023-cü il iyunun 13-də Laçın rayonu məktəb direktoru və tabeliyindəki təhsil rəhbərliyindən 200 manat, 2023-cü ilin noyabrında şirkət menecerindən 300 manat, 2024-cü ilin fevralında isə idarə rəisindən 100 manat pul ələ keçirib.
Təqsirləndirilən şəxs hər bir halda zərərçəkmişlərə guya onların xidməti fəaliyyətində qanunsuzluqlar və rüşvət halları olduğunu internetdə yayımlayacağı, ictimailəşdirəcəyi barədə hədə-qorxu gələrək pul tələb edib. Pul ələ keçirmək üçün o, müxtəlif üsullardan – telefon zəngi, “WhatsApp” vasitəsilə bank kart məlumatlarının göndərilməsi, şəxsi görüşlər və onlayn ödənişlərdən istifadə edib.
İstintaq materiallarına əsasən, Ramin Qurbanov öz hərəkətlərində vahid niyyətlə, sistemli şəkildə, müxtəlif vaxtlarda və yerlərdə, ümumi məbləği min manatı keçən pul vəsaitini hədə-qorxu yolu ilə ələ keçirməklə bir sıra şəxslərin hüquqlarını pozub və ictimaiyyət arasında mənfi rəy yaratmaqla qəsdli şəkildə cinayət əməli törədib.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Ramin Qurbanov altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.





