![](https://gunxeber.az/wp-content/uploads/2025/02/sinif-sagirdi.jpg?v=1739463371)
Gəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.
GuNXeBeR.Az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya azyaşlının babası Ələddin Hüseynov müraciət edib.
Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə.H.-nin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyü deyilir: “Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə “niyə direktora demisən?” söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə “vurmuşam, yaxşı etmişəm” dedi”.
Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılıb: “34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, valideynin müraciəti ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır:
“Faktla bağlı müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/sinif-sagirdi2.jpg)
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/sinif-sagirdi3.jpg)
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/sinif-sagirdi4.jpg)