Şəmkirdə yol-nəqliyyat hadisəsini törədən mikroavtobusun sürücüsü qanunsuz fəaliyyət göstərib.

Məsələ ilə bağlı Gunxeber.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib.

“Dekabrın 4-ü saat 07:44-də Şəmkir rayon Su Elektrik Stansiyası ərazisində mikroavtobus torpaq yolla hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.

Nəticədə avtobusda olan 22 nəfərdən üçü müxtəlif bədən xəsarətləri alıb. Avtobusda olan sərnişinlərdən 20 nəfəri qadındır.

Sürücü Rəfael Məhəmməd oğlu Hüseynov Yevlax rayonunun Qoyunbinəsi kənd sakinidir və fəhlələri Şəmkir rayonu ərazisində yerləşən istixanalara aparırmış. 20-DU-942 dövlət qeydiyyat nişanlı “Mersedes-208 D” markalı mikroavtobus sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücü isə tibbi müayinədən keçməyib.

Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”, – deyə o qeyd edib.

Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qurumdan qeyd edilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir:

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, rayonun Keçili kəndi ərazisində “Mercedes-Benz” markalı mikroavtobusun su kanalına aşması nəticəsində Aygün Rövşən qızı Musayeva (1984), Aygül Həsən qızı Hüseynova (1958), Laləzar Göygöz qızı Hüseynova (1965), Afət Eyyub qızı Məmmədova (1962), Natella Müzəffər qızı Məmmədova (1966), Məlahət Cəfər qızı Cəfərova ( 1965), Elman Rasim oğlu Səlimov (1994), Nuriyyə Köçəri qızı Musayeva (1986), Bəsti Köçəri qızı Musayeva (1956), Gülnar Ramiz qızı Əhmədova (1987), Mahirə Bayram qızı Babayeva (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes-Benz” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Şəmkirdə 23 nəfərin düşdüyü qəzanın TƏFƏRRÜATI