Əlavə təhsil insanların fasiləsiz təhsil almasını təmin etməklə yanaşı, onların daim dəyişən əmək bazarına uyğunlaşmasına, intellektual və peşə bacarıqlarının artırılmasına xidmət edən mühüm təhsil formasıdır. Bu istiqamətdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ciddi tədbirlər həyata keçirilir və kollec müraciətçilərin ehtiyaclarını nəzərə alaraq əlavə təhsil proqramlarına xüsusi önəm verir.
kollec.az İDHTK-də ikinci təhsil almaq üçün yaradılan imkanlarla bağlı kollecin “Tibb və təbiət elmləri” FBK-nın sədri, əlavə təhsil üzrə məsul şəxs Elşən Həsənovla görüşərək söhbət edib.

İkinci təhsil üçün qeydiyyat prosesi davam edir

Elşən Həsənov qeyd etdi ki, kollecdə ikinci təhsil almaq istəyənlər üçün qeydiyyat aparılır, bu proses avqustun sonuna qədər davam edəcək. O, müraciətlərin sayının kifayət qədər yüksək olduğunu vurğuladı. Qeyd edib ki, müraciətlərin sayı planlaşdırılandan çoxdur və namizədlər müsahibə mərhələsinə dəvət olunurlar.

Dərslər işləyən tələbələrin iş qrafikinə uyğun olacaq

Elşən Həsənov bildirib ki, ikinci təhsil proqramına müraciətlərin yüksək olması insanların yenidən təhsilə maraq göstərməsinin müsbət göstəricisidir:

“Bu, vətəndaşlarımızın daim inkişaf etmək istəyinin əlamətidir və cəmiyyətimizin ümumi intellektual potensialını yüksəldir. Kollec olaraq qeydiyyat prosesinin sonuna qədər müraciətlərin daha da artacağını gözləyirik və hər bir müraciət edənin bu fürsətdən yararlanmasına şərait yaradacağıq”.

Elşən Həsənov əlavə etdi ki, ikinci təhsil almaq istəyən şəxslərin əksəriyyəti artıq müxtəlif sahələrdə çalışan insanlardır:
“Bu səbəbdən onların iş rejiminə uyğun olaraq dərslərin axşam saatlarında keçirilməsi nəzərdə tutulub. Bəzi ixtisaslarda tədris prosesi saat 17:00 sonra başlayacaq ki, bu da işləyən tələbələr üçün münasib olacaq”.

Ən çox müraciətlər tibb sahələrinədir

Kollec rəsmisi xüsusi vurğuladı ki, bu il ən çox müraciətlər tibb sahələri üzrədir:
” Kollec olaraq biz də bu sahələr üzrə təhsil proqramlarımızı daim yeniləyir və əmək bazarının tələblərinə uyğunlaşdırırıq”.

FBK sədri əlavə təhsil proqramlarının əhatə dairəsindən də danışaraq kollecdə bu istiqamətlərin getdikcə genişləndiyini qeyd etdi:

“Əlavə təhsil yalnız ikinci təhsillə məhdudlaşmır. Məqsədimiz bütün yaş kateqoriyalarından olan insanların yeni bilik və bacarıqlar qazanmasına kömək etməkdir”.

Tələbələrimizə ixtisas fənlərini tədris etmək üçün profesional həkim-müəllim heyəti İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən dəvət olunur. Nəzəri dərslər kollecin inzibati binasında, ixtisas təcrübəsi isə müqavilə əsasında İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ və “İsmayıllı Sağlamlıq Mərkəzi ” MMC-də keçirilir.

Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə mütəmadi olaraq, bilik yarışları və bədii-mədəni tədbirlər təşkil olunur.

Təsdiq olunmuş illik iş planına əsasən tələbələr ustad dərslərində iştirak üçün şərait yaradılır.

Rayon tədbirlərində aktiv formada iştirak edən tələbələrimiz mütəmadi olaraq rəhbərlik və digər qurumlar tərəfindən mükafatlandırlır.

Kollecdə yalnız tibb ixtisası ilə bağlı əlavə təhsil üçün yerlər ayrılıb?

Xeyr əlbəttə. Kollecimizdə həm də, aşağıdakı ixtisaslardan kadr hazırlığı aparılır.

Mühasibat uçotu

Çörək və unlu qənnadı məmulatlarının texnologiyası

Kompüter sistemlərində proqram təminatı

Qida məhsullarının təhlükəsizliyi

Süd və süd məhsullarının texnologiyası

Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası

Aqronomluq

Baytarlıq

Meşə və park

Zootexniklik