İranda etiraz aksiyalarında Kanada vətəndaşı həlak olub.
Gunxeber.Az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Az əvvəl İranda ölkə hakimiyyətinin əli ilə Kanada vətəndaşının həlak olması barədə məlumat aldım. İran xalqının İran rejiminin repressiyalarına və davam edən insan hüquqları pozuntularına etiraz olaraq təşkil etdiyi dinc aksiyalar insan həyatına görülməmiş etinasızlıqla qarşılanıb. Bu zorakılıq dayandırılmalıdır. Kanada bu zorakılığı qətiyyətlə pisləyir və onun dərhal dayandırılmasını tələb edir”, – deyə paylaşımda vurğulanır.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.






