Bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, ötən günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətəyi rayonlarda, eləcə də səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolların buz bağlama ehtimalı sürüşmə riskini dəfələrlə artırır.
Gunxeber.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.
“BDYPİ həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”, – məlumatda qeyd edilib.