Gunxeber.Az-ın məlumatına görə, 8 Noyabr – Zəfər Günü münasibətilə İsmayıllı rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş qaçış marafonu təşkil edilib.
Tədbirin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu, həmrəyliyi və sağlam həyat tərzini təbliğ etmək olub.
Marafonda iştirakçılar fəal şəkildə yarışaraq birliyimizi və zəfər sevincimizi bir daha nümayiş etdiriblər. Qaçış boyunca şəhidlərə ithaf olunan şüarlar səsləndirilib, gənclər onların qəhrəmanlığını qürurla xatırlayıblar.
Yarışın sonunda qaliblər müəyyən olunub və fərqlənən iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir rayon ictimaiyyəti, idmansevərlər və gənclərin böyük marağına səbəb olub.
Bu cür tədbirlər həm Zəfər Gününün mənəvi dəyərini daha da artırır, həm də şəhidlərimizin unudulmaz xatirəsinə hörmətin təzahürüdür.





























