![](https://gunxeber.az/wp-content/uploads/2025/02/Kartla-odenis.jpg?v=1739294859)
“Hazırda bir çox ölkələrdə hər bir şəhərin öz ictimai nəqliyyat kartının olması təcrübəsi var. Lakin bu, adətən innovativ inkişaf etmiş, kifayət qədər infrastrukturu və əhalisi 1 milyondan çox olan şəhərlərdə olur. Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Göyçay və Mingəçevir kimi ərazilərdə hələ ki, bu infrasturuktur qurulmayıb. Rəqəmsallaşma prosesinin baş verməsi üçün ilk növbədə innovativ proseslər baş verməlidir”.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bunu GunXeBeR.Az-a danışarkən deyib.
![](https://gunxeber.az/wp-content/uploads/2025/01/Aslan-Esədov.jpg)
Ekspert hesab edir ki, bu sistemin tətbiqindən öncə bölgələrdəki nəqliyyat çatışmazlığı problemi həll olunmalıdır:
“İri şəhərlərdən başqa digər rayon yerlərində təəssüf ki, ictimai nəqliyyat günorta saatlarına qədər işləyir. Buna görə də vətəndaşlar ya işlərini tez həll etməli, ya da taksi kimi digər alternativlərə əl atmalı olurlar. Problemin həlli üçün ilk növbədə həmin bölgələrdə avtobus sistemi normallaşdırılmalı, interval qaydasına salınmalıdır. Daha sonra rəqəmsallaşma prosesinə keçmək olar. Sevindirici xəbər ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə bu sistemi tətbiq etmək mümkün olacaq. Hansı ki, indi innovativ vasitələrdən istifadə etməklə həmin ərazilərə getmək mümkündür”.
Son olaraq Aslan Əsədov diqqətə çatdırıb ki, Bakıdan sonra kart sisteminə keçəcək şəhərlər siyahısında ilk növbədə Sumqayıt dayanır. Ondan sonra Gəncə, Mingəçevir kimi aktiv həyat tərzinin hökm sürdüyü şəhərlərə keçid etmək olar. Naxçıvan, Lənkəran, Şəki, Göyçay və Salyan da bu siyahıya daxildir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TodayPress-ə bildirildi ki, hazırda AYNA tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir. Həmçinin ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, Yaponiya, Çin, Türkiyə, Almaniya və Fransa kimi bir çox ölkələrdə paytaxtla yanaşı digər şəhərlərin də özünəməxsus ictimai nəqliyyat kartları mövcuddur. Buna nümunə kimi, İstanbulKart, EsKartı (Əskişəhər) göstərmək olar.