Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən yeni tikililərin birində yaşayan 645 ailə komendantın fəaliyyətindən narazıdır.
Onlar iddia edirlər ki, qanunsuz şəkildə kommunal qiymətlər artırılır.
“Qiymət qalxıb, üstəlik, xidmət göstərmirlər. İşığı söndürürlər, camaat liftdə qalır, Fövqəladə Hallar Nazirliyindən (FHN) gəlib çıxarırlar”, – deyə sakin narazılığını dilə gətirib.
Tikinti şirkətinin sədri Ceyhun Qasımov isə bildirib ki, yaxın vaxtlarda vətəndaşların problemləri həll olunacaq.
Lazer, dərinin təmizlənməsi, kosmetoloji prosedurlar. Bunların salonlarda icra olunmağına xanımların bir çoxu ya öyrəşib, ya da öyrəşdirilib.
Halbuki lazer də, kosmetoloji prosedurlar da, əslində, tibbi xidmət sayılır.
Məsələnin maraqlı tərəfi isə budur ki, sözügedən prosedurları salonlarda icra edən şəxslərdən nə lisenziya tələb olunur, nə də nəzarət tədbirləri görülür.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir:
“Vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti gözəllik salonlarında xidməti yoxlamalar keçirilir. Sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir”.
Ətraflı Baku TV-nin süjetində:
“Yasların təşkili ilə bağlı ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir”.
GuNxeber.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, yas mərasimləri dini tərəflərə malik olmaqla yanaşı, həm də sosial-mədəni proseslərin tərkib hissəsidir.
“Azərbaycanın müxtəlif bölgələrində yerli sakinlər, ictimaiyyət nümayəndələri tərəfindən irəli sürülən bu cür təşəbbüslər ümumilikdə uzun müddət cəmiyyətdə gedən müzakirələrin nəticəsi kimi meydana çıxıb. Yas mərasiminin təşkili normativ-hüquqi aktlarla tənzimlənən proses deyil və bununla bağlı hər hansı dövlət orqanının üzərinə düşən konkret səlahiyyətlər yoxdur. Lakin bu mərasimlərdə ifratın və təmtərağın qarşısının alınması barədə təşəbbüslər müsbət qiymətləndirilə bilər. Hesab edirik ki, yas mərasimlərinin təşkili ilə bağlı uzun illər ərzində formalaşmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir”.
Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını dəyişib.
GunXeber.Az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun anası Afayət Süleymanovanın iddiasına görə, oğlu həkim səhlənkarlığının qurbanı olub:
“Oğlum mədə-bağırsağını müayinə etdirməyə “Stimul” klinikasına gedib. Təzyiqi aşağı olduğu üçün ona iynə aldırıb vurublar. Ceyhun narahatlığı olar deyə narkoz almaq istədiyini deyib. Həkim Ləman Xasıyeva isə narkoz verənin işdə olmadığını söyləyib, ona “Medlife” Hospitala getməyi tövsiyə edib. “Mən gəlib səni orada müayinə edərəm” deyib”.
Daha sonra anası oğlu ilə telefonda danışıb. Həmin gün Ceyhun Süleymanov deyib ki, 4 dəfə bağırsağı yuyulub və özünü yaxşı hiss edir:
“Ondan sonra qaynımgilə xəbər gəlib, klinikaya gediblər. Xəstəxanada görüblər ki, oğlum otaqda uzanır, yanında heç kim yoxdur. Onunla gedən oğlan görüb ki, həkimlər qaçırlar. Nə olduğunu soruşanda deyiblər ki, ayılda bilmirik. Övladımın ciddi problemi yox idi, ancaq müayinəyə getmişdi”.
Qeyd edək ki, hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ətraflı süjetdə:
Azərbaycanın mərhum aktyoru, Xalq artisti Həsənağa Turabovun həyat yoldaşı dünyasını dəyişib.
GunXeber.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Solmaz Turabova 85 yaşında vəfat edib.
Qeyd edək ki, Solmaz Turabova sabah günorta saatlarında Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Həsənağa Turabov və oğlu Daşqının yanında dəfn olunacaq.
Nərimanov rayonunda yerləşən məşhur “Keşlə bazarı”nda köç başlayıb.
İcarədarlara fevralın 1-nə qədər möhlət verilib. Bazar artıq Dərnəgüldə yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərəcək.
Satıcılardan bəziləri yeni ünvandan razıdırlar, bəziləri isə narazı olduqlarını bildiriblər.
“Bu qədər malım var, dünəndən daşıyırıq, hələ də qurtarmır. Heç olmasa, marta qədər vaxt verərdilər, yükümüz bir az yüngülləşərdi”, – satıcılardan biri deyib.
GunXeber.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı yeni “Keşlə bazarı”nda da olub.
Satıcılar yeni iş yerlərindən razılıq etsələr də, alıcılıq qabiliyyətinin bir o qədər də ürəkaçan olmadığını bildiriblər.
“Bu gün səhər gəlmişik. Hələ ki müştəri yoxdur. Problemimiz alıcı qabiliyyətinin aşağı olmasıdır. Yerimiz rahatdır. Köhnə bazarda başımıza yağış yağırdı, mən elə orada qocaldım”, – deyə satıcı söyləyib
Xatırladaq ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində plana düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.
Ətraflı süjetdə:
“Azərsun Holding” MMC-nin Müşahidə Şurasının yanvarın 18-də vəfat edən sədri Abdolbari Gozalı oğlu Əhməd Gozal əvəzləyəcək.
GunXeber.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkət daxilində Ə.Gozalın Müşahidə Şurasının yeni sədri olacağı dəqiqləşib.
Holdinq isə hələlik bununla bağlı rəsmi qərarını açıqlamayıb.
Qeyd edək ki, “Azersun Holding” MMC-nin Müşahidə Şurasının üzvü olan Ə.Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.
Məlumata görə, Abdulbari Gozal uzun müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməyə başlayıb. Əhməd Gozal son aylarda “Azərsun Holding”in idarəçiliyində fəal iştirak edib.
Qanunvericiliyə əsasən, Müşahidə Şurasının tərkibi və ona edilən dəyişikliklər şirkətin təsis sənədində və ya nizamnaməsində müəyyən edilmiş qaydada təsdiqlənir. Müşahidə Şurasının sədri olmadıqda onun funksiyalarını sədr müavini və ya sədri əvəz edən digər şəxs həyata keçirir. Müşahidə Şurasının iclası isə üç ayda bir dəfədən az olmayaraq keçirilir. İclasın çağırılması ilə bağlı qərarı sədr, o olmadıqda sədr müavini verir.
Xatırladaq ki, “Azersun Holding” qida, qeyri-qida, kənd təsərrüfatı, təhsil, logistika, inşaat, idman və maliyyə sektorunda fəaliyyət göstərir. Şirkətin, eləcə də törəmə müəssisələrinin 2023-cü il üzrə maliyyə vəziyyəti haqqında hesabata əsasən, cəmi aktivləri 1 milyard 71 milyon 600 min 612 manat, cəmi öhdəlikləri 433,836,1 manat təşkil edib. Hesabat dövründə holdinqin cəmi kapitalı 637,764,479 milyon manat olub.
2023-cü ildə “Azersun Holding” 1,810,868,4 manat gəlir əldə edib. İl üzrə mənfəəti 58,312,392 manat olub.
Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 667 manatdır. Holdinqin baş icraçı direktoru Savaş Uzan Mehmetdir.
GunXeber.Az Real TV-yə istinadən məlumat verir ki, paytaxt bazarlarındakı qiymətlər demək olar ki, eynidir.
Dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında isə qiymət fərqi var.
Satıcılar bildiriblər ki, ötən aylara nisbətən ətin qiymətində cüzi dəyişiklik olub. Buna səbəb olaraq satıcılar heyvan qıtlığını və yemin daşınma xərclərinin baha olmasını göstərirlər.
Statistikaya görə isə son 10 ildə iribuynuzluların sayı 5 % azalıb. Bunun da qiymətlərin artmasına səbəb olduğu deyilir.
Ətraflı süjetdə:
Daşkənddən Nyu-Yorka uçan “Özbəkistan Hava Yolları”na məxsus təyyarə sərnişinin əzab çəkməsi səbəbindən məcburi eniş edib.
Gunxeber.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Maraqlıdır ki, hadisə sözügedən aviaşirkətin yaranma günündə baş verib.
“Aviaşirkətin 33-cü ildönümü günü Daşkənddən Nyu-Yorka uçan “HY10” reysinin göyərtəsində inanılmaz hadisə baş verdi. Uçuş zamanı sərnişinlərdən biri doğuş keçirib”, – məlumatda deyilir.
Xoşbəxtlikdən körpəni dünyaya gətirmək üçün gəmidə ginekoloq və cərrah olub. Bir oğlan doğulub.
Enişdən sonra həkimlər yardım göstərmək üçün təyyarəyə gəliblər. Ana və yeni doğulmuş uşaq yerli xəstəxanaya aparılıb
Mayın 13-də İsveçrənin Bazel şəhərində 69-cu “Avroviziya-2025” mahnı müsabiqəsi start götürəcək.
Oxu.Az “Avroviziya”nın rəsmi saytına istinadən xəbər verir ki, artıq yarımfinalın püşkatmasının nəticəsi müəyyənləşib.
Nəticələrə əsasən, Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Bizimlə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Niderland, Norveç və San-Marinodan olan ifaçılar yarışacaqlar.
Azərbaycanı hansı ifaçıların təmsil edəcəyi hələlik açıqlanmayıb.
Xatırladaq ki, “Avroviziya 2024” müsabiqəsinin qalibi “The Code” mahnısı ilə musiqiçi Nemo olub.