Salyan rayonu, Aşağı Noxudlu kənd sakinləri kənddə yerləşən məktəbin yararsız vəziyyətdə olmasından şikayət ediblər.

Gunxeber.Az xəbər verir ki, məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bildirilir ki, Ataxan Sadıqov adına kənd tam orta məktəbi artıq bir ildən çoxdur qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, hazırda təxminən 400-ə yaxın şagirdin təhsil alması və təhlükəsizliyi ciddi risk altındadır.

Gunxeber.Az-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, 2024-2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi nəzərə alınaraq məktəbin şagirdləri və işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi müvəqqəti dayandırılıb.

“Bu səbəbdən tədris prosesi 2-3 km məsafədə yerləşən Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində davam etdirilib, şagirdlərin müvafiq nəqliyyat vasitələri ilə daşınması təmin edilib.

2025-ci il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində dərs saatları başa çatdıqdan sonra binanın bəzi sinif otaqlarında tavanın suvaq qatının yerə tökülməsi halları qeydə alınıb. Hadisə ilə bağlı Regional Təhsil İdarəsinin və FHN-in Muğan Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən məktəb binasına baxış keçirilib və tədris prosesinin davam etdirilməsinin təhlükəli olduğu bildirilib.

Şagirdlərin və məktəb kollektivinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə hər iki məktəbin şagirdlərinin Azər Əliyev adına Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbində təhsil alması, onların daşınmasının isə müvafiq nəqliyyat vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, bildiririk ki, 2026-cı ildə Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbi üçün yeni məktəb binasının tikintisi ilə bağlı qərar qəbul edilib. Paralel olaraq Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir olunması nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.