Azərbaycan öz rəqəmsal gələcəyi üçün çox iddialı bir mərhələyə qədəm qoymaq ərəfəsindədir. Prezident İlham Əliyev ölkənin yeni rəqəmsal arxitekturasının qurulacağını elan edib. Burada arxitektura sözü xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dünyada gedən geosiyasi proseslər və texnoloji inkişaf ölkələr qarşısında yeni çağırışlar formalaşdırır. Bu yeni dünya çağırışına uyğunlaşmaq isə yalnız islahatlarla mümkün görünmür. Ona görə də ölkənin yeni rəqəmsal arxitekturasının formalaşdırılması dəyişməkdə olan dünyada öz yerini müəyyən etmək üçün vacib amildir. Bu günlərdə yayımlanan “Münhen Təhlükəsizlik Hesabatı 2026″da qeyd edilir ki, dünyanın mövcud arxitekturası dağılmaqdadır. Yeni dönəmdə kağız üzərində olan qaydalardan çox, uğurlu coğrafiyaya, güclü strateji tərəfdaşlığa malik, böyük iqtisadi resursları olan və ən əsası texnoloji gündəliyə zamanında uyğunlaşan dövlətlər uğur əldə edə biləcəklər.

Ancaq qeyd etmək lazımdır ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq bürokratik modeldən birbaşa süni intellekt əsaslı idarəçilik modelinə keçid etmir. Bir çox ölkədən fərqli olaraq 2012-ci ildə Prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və ən əsası korrupsiya, süründürməçilik kimi neqativ hallarla mübarizədə effektiv nəticə əldə etmək üçün “Bir Pəncərə” sisteminə keçidi elan etdi. Qəbul edilən yeni prinsiplərə əsasən dövlət xidmətləri bir məkanda – “ASAN xidmət” mərkəzlərində göstərilməyə başlandı. Xidmətlərin bir məkanda təqdim edilməsi o zaman üçün inqilabi addım hesab edilirdi və ən əsası bu imkan verdi ki, vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq ehtiyacı yarandığı təqdirdə olduğu şəhərdə xidməti ala bilsin. 2012-ci ildə xidmətlərin ASAN-laşdırılması üçün yaradılan mərkəz, daha sonra həyatın ASAN-laşdırılmasına qədər genişləndirildi.
Hazırda ölkə üzrə 28 “ASAN xidmət” mərkəzində ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Müraciətlərə gəldikdə, 2013-cü ildə ilk dəfə qapılarını vətəndaşın üzünə açmasından ötən dövr ərzində 9 milyon 155 mindən çox vətəndaşın 95 milyondan çox müraciətinə baxılıb.

Bu mərkəzlərin yaradılması insanların dövlət xidmətlərinə əlçatanlığını asanlaşdırsa da, bu modeldə belə dövlət qurumları arasında əsas rol vətəndaşın üzərinə düşür. Əgər bürokratik modeldə vətəndaş müxtəlif qapıları açmağa çalışırdısa, vətəndaşyönümlü modeldə vətəndaş müxtəlif pəncərələrdən keçməli olur. Əvvəlki bürokratik modellə müqayisədə bu modeli inqilabi hesab etmək olardı və rəy sorğuları da göstərir ki, vətəndaşlar bu günə qədər modeldən tam razıdırlar. “ASAN xidmət”in yaradılması sadəcə vətəndaşların rahatlığını deyil, eyni zamanda qurumlar arasında rəqabəti də sürətləndirdi ki, bunun da nəticəsində ötən dövr ərzində əksər qurumlar bir çox xidmətlərini rəqəmsallaşdıraraq və yaxud “ASAN xidmət” mərkəzlərinə keçirərək vətəndaş məmnunluğunun artırılmasına çalışırdılar. Bəzən fərqli dövlət xidmətləri fərqli vitrin üzərindən həyata keçirilir ki, bu da bəzi hallarda məlumat mübadilələrini ləngidir, vətəndaşı eyni məlumatları fərqli-fərqli dövlət orqanlarına təqdim etmək məcburiyyətində buraxır. Beləliklə, vətəndaş da, dövlət də vaxt itkilərinə məruz qalırlar. Məhz Prezident İlham Əliyev müşavirədə bu məqama diqqət çəkərək qeyd etdi ki: “Son illər ərzində müxtəlif dövlət qurumları – nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir”.
Bu, yeni mərhələdə dövlət qurumları arasında rəqabətin prioritet olmayacağını və bir neçə vitrin prinsipinin artıq qəbul edilmədiyini göstərir. Azərbaycan rəqəmsal arxitekturasını qurmaqla vahid vitrin və vətəndaşyönümlü modeldən müştəriyönümlü modelə keçidə başlayır.

Müştəriyönümlü idarəetmə modelinə keçid
Beləliklə, Azərbaycan hazırkı mərhələdə daha yüksəksəviyyəli dəyişikliyə gedir. Bu, sadəcə prosedurları dəyişmək deyil, həm də dövlətin cəmiyyətə və biznesə baxış bucağının yeni meyarlarla formalaşdırılmasıdır. Yeni konsepsiya dövlət fəlsəfəsində Veber, Makiavelli konsepsiyalarından imtina edərək, biznes fəlsəfəsinin idarəçiliyə tətbiq edilməsidir. Artıq dövlət vətəndaşa rahatlıq və keyfiyyət tələb edən bir “müştəri” kimi baxır. Məqsəd sadəcə xidməti göstərmək deyil, istifadəçini razı salmaq, onun səylərini minimuma endirmək və toplanmış data analitikası ilə ehtiyaclarını qabaqcadan müəyyən etməkdir. Ötən ilin sonunda Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası” bu islahatın növbəti mərhələsinin yol xəritəsini müəyyən edir.
Müştəriyönümlü konsepsiyanın 3 ana sütunu mövcuddur:
1. Şərti olaraq daxili müştəri adlandıra biləcəyimiz qrup. Buraya dövlət orqanlarının bir-birini rəqib deyil, müştəri kimi qəbul etməsi daxildir. Eyni zamanda qurumdaxili əməkdaşlar da bir-birini müştəri kimi qəbul edir və yaranmış sorğuların operativ həllinə çalışırlar. Bu, bütün dövlət qurumlarını vahid məkanda birləşdirir və hökumətin qərar qəbul etmək mexanizmini sürətləndirir. Misal üçün, hazırda müxtəlif qurumlar daxilində sənəd dövriyyəsini və yaxud planlanan layihələrə cəlb edilən daxili komandaları görsələr də, digər qurumlardan prosesə cəlb edilənləri görə bilmirlər. Qurumlararası bürokratiya isə bəzən müzakirələrin daha uzun müddət ərzində aparılmasını tələb edir. Sənədlərin razılaşdırılması müddəti uzanır. Ancaq vahid məkan inteqrasiyası baş tutduqdan sonra eyni sənəd ətrafında formalaşan komandalar bir-birini ilkin mərhələdə görə və müzakirələri onlayn rejimdə apara bilər ki, bu da sənədlərin razılaşdırılmasını və qəbulunu sürətləndirə bilər. Misal üçün, vahid “Dashboard” üzərində prosesin bütün mərhələləri görünür, daxili çat sistemi isə iclaslar çağırmadan, bir məkanda toplaşmadan onlayn rejimdə müzakirə aparmağa, dəyişiklik etməyə imkan verir.

2. Müştəriyönümlü modelin ikinci halqasını xarici müştərilər təşkil edir. Xarici müştərilər dedikdə ölkə vətəndaşları nəzərdə tutulur. Beləliklə, dövlət vətəndaşı ümumi yox, fərd olaraq qəbul edir və hər kəsə unikal müştəri kimi yanaşır. Süni intellekt, toplanan datalar vətəndaşın həyat yolu xəritəsini öncədən planlaşdırmağa imkan verir. Vətəndaş yalnız bir vitrin görür və bu vitrin vasitəsilə sifarişini yerləşdirir. Daha sonra sifariş “dövlət mətbəxi”nə daxil olur və burada müştərini məmnun etmək üçün qurumlar öz aralarında fəaliyyətə başlayırlar.

Yekunda müştəri uğrunda rəqabət olmur və vətəndaşı razı salmaq üçün dövlət qurumları arasında nəticəyönümlü əməkdaşlıq qurulur. İşin yekunu ilə bağlı müştərinin qiymətləndirilməsindən isə hər kəs eyni dərəcədə öz payını alır. Bu model eyni zamanda daha uzunmüddətli proqnozlaşdırma aparmağa, dövlətin təhsil, səhiyyə və sosial siyasətini daha effektiv idarə etməyə imkan verir.
3. Halqanın üçüncü hissəsini isə müştəri kimi dövlət orqanlarına müraciət edən bizneslərdir. Araşdırmalar da göstərir ki, süni intellektin 2030-cu ilə qədər yaradacağı əlavə dəyərin həcmi 16 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, açıqlanan sonuncu Münhen Təhlükəsizlik Hesabatına əsasən dünya ciddi söküntü ilə üz-üzədir. Artıq bütün mərkəzlər qəbul edirlər ki, son 80 il ərzində formalaşan ənənəvi kollektiv əməkdaşlıq modelləri artıq öz yerini ikitərəfli əməkdaşlıqlara verir. Böyük güclərin liderlik uğrunda kəskinləşən münasibətləri formalaşmış ticarət və logistika xətlərinin də dağılmasına, yön dəyişdirməsinə səbəb olur. Hazırda Avropa ilə Çin, Avropa ilə Asiya arasında mövcud 3 marşrut var:
Birinci Rusiya üzərindən keçən Şimal marşrutudur. Bu marşrut hazırda sanksiya altındadır. Gərginləşməkdə davam edən Avropa-Rusiya münasibətləri isə bu yolun yaxın zamanlarda açılma şansının olmadığını göstərir.
İkinci yol İran və Yaxın Şərq üzərindən keçən Cənub marşrutudur. Bu marşrutda da gərginlik hər keçən gün artmaqdadır və hazırda özünün pik səviyyəsinə çatıb. Eyni zamanda bu marşrutun texnoloji cəhətdən köhnəlməsi də onu maraqlı etmir. Ümumiyyətlə, yaxın zamanlarda tamamilə bağlanma riski də var ki, bu da daşıyıcıları yeni stabil yol axtarışına vadar edir.
Üçüncü yol isə Azərbaycan üzərindən keçən Orta dəhlizdir. Digər iki xətdə gərginlik artsa da, Orta dəhlizdə əksinə gərginlik demək olar ki, tamamilə sıfır səviyyəsinə düşüb. Xüsusilə ABŞ-nin regiona marağı, Vaşinqtonda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin paraflanması bu dəhlizi digər iki dəhlizlə müqayisədə önə çıxarır. Xüsusən də Zəngəzur dəhlizinin açılması (Tramp yolu) Azərbaycanı yalnız yüklərin daşınması üçün deyil, böyük biznes üçün hab mərkəzinə çevirə bilər. Ona görə də Azərbaycanda biznes subyektlərinə müştəri yanaşmasının tətbiqi, nəzarət orqanlarının polis funksiyasından konsultant funksiyasına keçidi ölkəyə əlavə investisiyaların cəlbinə imkan verəcək.

Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulması kağızsız hökumət formalaşdırılmaqla yanaşı, dövlətin, biznesin və vətəndaşın çevikliyini artıracaq. Burada təkcə milyonlarla vəsaitə qənaət edilməsindən və xərclərin optimallaşdırılmasından söhbət getmir. Burada əsas məqamlardan biri də dövlətin, vətəndaşın və biznesin toplam milyonlarla saat vaxta qənaət etməsidir ki, bu da dövlət orqanında daha strateji işə yönəlməyə, biznes üçün istehsal imkanlarını genişləndirməyə, vətəndaş üçün xoşbəxtlik əmsalının artmasına imkan verəcək.
Beləliklə, irəliyə gedən yol aydındır. Azərbaycan yeni dönəmdə rəqəmsal və öz insanlarının ehtiyaclarına dərindən fokuslanmış, onlara ləyaqətlə və müştəri qayğısı ilə yanaşan dövlət aparatı qurur. Yeni model eyni zamanda demokratiyanın rəqəmsallaşması anlamına gəlir ki, artıq vətəndaş dövlətin deyil, dövlət vətəndaşın virtual qapısını döyəcək.






