“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı, Badamdar Hotelin dəstəyi ilə Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişafı, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə “Qaranlıqdan Sonra” adlı xüsusi tədbir keçiriləcək.

Gunxeber.Az xeber verir ki, bu tədbir sadəcə bir sərgi deyil – ümidin, sevginin və uşaqlara göstərəcəyiniz dəstəyin hekayəsidir. Reabilitasiya prosesindən keçən uşaqların öz əlləri ilə, təkrar emal edilmiş saplardan hazırladıqları əl işləri xeyriyyə məqsədilə satışa çıxarılacaq.

Tədbir çərçivəsində uşaqların təqdimatında Azərbaycan kinosunun yadda qalan səhnələri də nümayiş olunacaq. Bu səhnələr vasitəsilə uşaqlar həm öz bacarıqlarını göstərir, həm də sənətin insan ruhuna necə işıq saçdığını bir daha sübut edirlər.

“Qaranlıqdan Sonra” – çətinliklərin arxasınca gələn işığı görmək, uşaqların həyatına bir ümid toxunuşu olmaq üçün hər kəsi bu mənalı tədbirə dəvət edirik.

Qeyd etmək istərdik ki, tədbirdən əldə olunacaq gəlir tam şəkildə sığınacaqda yaşayan qızların təhsil ehtiyaclarına sərf ediləcəkdir.