Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-21011 və “Naz Lifan” markalı minik avtomobillərinin iştirakı ilə qəza hadisəsinin baş verdiyi və “Naz Lifan” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci il təvəllüdlü Murad Möhübbət oğlu Bayramovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.







