Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara 4 ay müddətində baxılmalıdır. Psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməlidir. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı, müalicələri davam etdirilməlidir.

Gunxeber.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında parlamentin qərar layihəsində əksini tapıb.

Bu qərar əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanacaq.

Sənədəa əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir.

Amnistiya tətbiq edən orqanlar bu qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.