İsmayıllıda övladlarını cinayət məsuliyyətindən yayındırmaq istəyən şəxs dələduzluqla üzləşib.

Gunxeber.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, S.Səmədovun övladları Roman və Ruslan barəsində İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı dövründə S.Səmədovun övladları Şəki Rayon Psixiatriya Xəstəxanasına yerləşdiriliblər. Bu zaman Quşencə kənd orta məktəbində sosial-pedaqoq vəzifəsində işləyən A.İ. S.Səmədova övladlarının anlaqsız olmaları barədə rəy ala biləcəyini və bununla da onların məsuliyyətdən azad ediləcəyini deyib.

Lakin o bunun müqabilində qarşı tərəfdən pul tələb edib. Qarşı tərəfə hissə-hissə olmaqla A.İ.-yə 20 700 manat pul verib. O, verdiyi vədi yerinə yetirmədiyinə görə, hüquq-mühafizə orqanlarına müraciət edilib. A.İ. saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinə İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı A.İ. verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.