Nəsimi rayonunda yanvar ayında 36 kiloqram narkotik vasitə aşkarlanıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
Tədbir zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkum olunan 41 yaşlı Mikayıl Səlimov saxlanılıb. A.Fərəcovdan 3 175 qram tiryək, 7 340 qram marixuana, 800 ədəd metadon həbi, M.Səlimovdan isə 2 010 qram heroin və metamfetamin, eləcə də 8 075 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Beləliklə, sonuncu əməliyyat zamanı 20.6 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işləri başlanılıb. A.Fərəcov və M.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.







