İstedad yaşla ölçülmür. Bəzən bir uşağın baxışında, danışığında, yaddaşında o qədər dərinlik olur ki, insan heyrətlənməyə bilməz. Belə uşaqlardan biri də xüsusi istedada malik olan Yusif Əhmədovdur.

O, inklüziv təhsil alan bir şagirddir, amma onu “fərqli” edən nə dərs proqramı, nə də xüsusi qayğıya ehtiyacı olmasıdır – Yusifin yaddaşı və sənət sevgisidir. Azərbaycanda tanınmış aktyorların, aktrisaların və ictimai xadimlərin həyat və yaradıcılığını demək olar ki, tam əzbər bilir. Onun bu istedadı, həm müəllimlərini, həm də incəsənət sevərlərini heyran qoyur.

Biz Gunxeber.az olaraq Yusiflə söhbət etdik. Onun səhnəyə olan sevgisi, arzuları və həyat fəlsəfəsi haqqında maraqlı bir müsahibə aldıq.


Aktyorluq sevgisi səndə necə yarandı? İlk dəfə səhnəyə çıxanda nələr hiss etdin?

Aktyorluğa olan sevgim uşaqlıqdan başladı. Hər dəfə film və teatr tamaşalarına baxanda, obrazların həyatına daxil olmaq və onların hisslərini yaşamaq istəyi məni çəkirdi. İlk dəfə səhnəyə çıxanda isə böyük bir həyəcan və sevinc hiss etdim. Tamaşaçıların baxışlarını hiss etmək və duyğularımı paylaşmaq mənim üçün unudulmaz idi.

Bu yolda sənə ən çox kim dəstək olur?

Ən böyük dəstəyim anamdır. O, mənim hər addımımı izləyir, ruhlandırır və istedadıma inanır. Məktəbdə isə müəllimlərim mənə ilham verir, yeni şeylər öyrənməyə həvəs yaradırlar.

Hansı film və ya aktyor sənə ilham verib?

“Ögey ana” filmi mənim üçün çox təsirli oldu. Ceyhun Mirzəyevin obrazına baxanda “mən də belə olmaq istəyirəm” dedim. Həmçinin Yaşar Nuri kimi sənətkarlar mənim üçün həmişə ilham mənbəyidir.

Dərslərlə səhnə işlərini necə balanslaşdırırsan?

Vaxtımı düzgün bölürəm. Dərsləri vaxtında yerinə yetirib sonra məşqlərə və səhnə çalışmalarına fokuslanıram. Mənim üçün planlı olmaq çox vacibdir.

Ən sevdiyin dərs hansıdır?

Səhnə danışığı dərsi! Çünki burada təkcə sözləri demirik, həm də duyğuları ifadə etməyi öyrənirik.

Sinif yoldaşların və müəllimlərin sənə münasibəti necədir?

Onlar mənim fəaliyyətimə maraqla baxırlar. Uğurlarımı sevinclə qeyd edirlər, səhvlərimi isə mehribanlıqla düzəltməyim üçün məsləhətlər verirlər.

Gələcəkdə səni daha çox teatrda, yoxsa kinoda görəcəyik?

Hər ikisini sevirəm, amma kinoda daha çox imkanlar görürəm. Gələcəkdə film layihələrində iştirak etmək istəyirəm.

Səncə, aktyorluqda ən çətin və ən maraqlı tərəf hansıdır?

Ən çətin tərəf obrazın duyğularını inandırıcı çatdırmaqdır. Ən maraqlısı isə tamaşaçının reaksiyasını görmək və onun hisslərinə toxunmaqdır.

Böyük səhnədə oynamaq istədiyin bir rol varmı?

Bəli, istəyərdim sevgi rolunu oynayım. Bu, mənim üçün həm maraqlı, həm də dərin mənalı olardı.

Azərbaycandakı tanınmış şəxslərin həyatını bu qədər dəqiq bilmək heyrətamizdir. Bu maraq səndə necə yaranıb?

Bu marağı mənə kitab oxumağı sevdirən müəllimim aşılayıb. Onların həyat hekayələri mənim üçün motivasiyadır.

Hansı ictimai xadimin həyatı səni daha çox təsirləndirib?

Ulu Öndər Heydər Əliyev, Məhəmməd Füzuli, Nizami Gəncəvi və Yaşar Nuri. Onların həyat və yaradıcılıqları mənə ilham verir.

Gələcəkdə səni izləyən gənclərə nə demək istərdin?

Heç vaxt arzularından vaz keçməsinlər. Hər şeyə inamla və zəhmətlə çatmaq mümkündür.


Yusifin səmimi cavabları və həyat sevgisi göstərir ki, o, yalnız xüsusi istedada malik bir uşaq deyil — böyük arzuları olan, səhnəni ürəyi ilə sevən bir gələcək sənətkardır.
Bəlkə də bir gün tamaşa salonunda işıqlar sönərkən biz onu böyük səhnənin ortasında görəcəyik — bu dəfə artıq Azərbaycan teatrının və kinosunun parlayan ulduzu kimi.