“Çoxtonnajlı nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayındakı artım ciddi narahatlığa səbəb olur. Təəssüf ki, yük maşını sürücüləri tərəfindən sürət həddinin aşılması, manevr və ötmə qaydalarına əməl edilməməsi, sağ hərəkət zolağı boş olduğu təqdirdə sol zolaqla hərəkət edərək arxadan gələn nəqliyyat vasitələrinə maneə yaradılması kimi kobud səhvlər digər hərəkət iştirakçılarının haqlı iradlarına yol açmaqla bərabər, həm də real qəza təhlükəsi yaradır”.

Gunxeber.Az xəbər verir ki, bu məsələ Baş Dövlət Yol Polisi İdarəsinin yük avtomobili sürücülərinə ünvanladığı çağırışda əksini tapıb.

Qeyd edilir ki, texniki cəhətdən nasaz avtomobillərin istismarı, sükan arxasına yorğun və ya yuxusuz halda əyləşilməsi, yükün təhlükəsizlik qaydalarına uyğun qablaşdırılmaması, diqqətin yayındırılmasına səbəb olan hərəkətlər və yol kənarlarında qanunsuz parklanma halları yük avtomobili sürücülərinin ən tez-tez yol verdiyi qayda pozuntuları sırasındadır.

“Aparılan müşahidələr təsdiq edir ki, magistral yollarda baş verən qəzaların böyük hissəsi məhz sadalanan qayda pozuntuları səbəbindən meydana gəlir. Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə təkrar müraciət edərək, onları qeyd olunan xətalarla bağlı diqqətli olmağa, digər hərəkət iştirakçılarına qarşı hörmət nümayiş etdirməyə və yüksək peşəkarlıq göstərərək sürücülük mədəniyyətinin inkişafına töhfə verməyə dəvət edir. Unutmayaq! Yollarda məsuliyyətli davranmaq həm özümüzün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün şərtdir”, – deyə BDYPİ-nin məlumatında vurğulanır.