Bu gün Azərbaycan kino və teatr sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. Fəxrəddin Manafov təkcə bir aktyor kimi deyil, sənətə olan səmimi münasibəti, dərin obrazlara verdiyi ruh və əvəzolunmaz ustalığı ilə yaddaşlara yazılıb.
Onun sənət yolu Azərbaycan tamaşaçısı üçün sadəcə rollar toplusu deyil, bir dövrün duyğularını, həyat tərzini və dəyərlərini özündə əks etdirən həyat hekayəsidir.
Səhnədə fərqli obrazları ilə seçilən sənətkar həmçinin təvazökar və sakit həyat tərzi ilə tanınıb. Məhz bu təmkin və sənətə olan həssas münasibət onu fərqləndirib və illərdir sevdirib.

Aktyorun istedadı dövlət tərəfindən də yüksək qiymətləndirilib.
Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə xalq artisti, tanınmış aktyor Fəxrəddin Manaf oğlu Manafov “Şöhrət” ordeni ilə təltif olunub.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Fəxrəddin Manafov uzun illərdir ki, milli kino və teatr sənətində silinməz iz qoymuş sənətkarlardandır. Onun yaratdığı unudulmaz obrazlar, səhnə və ekran həyatına verdiyi töhfələr, peşəkar aktyor məktəbinin davamlılığında oynadığı rol sənətsevərlərin yaddaşında dərin iz buraxıb.
Bu yüksək mükafat aktyora təkcə sənətdəki uğurlarına görə deyil, həm də mədəniyyətimizin təbliğində göstərdiyi xidmətlərə görə verilmişdir.
Fəxrəddin Manafov – sadəcə bir aktyor deyil, o, Azərbaycan sənətinin canlı əfsanəsidir.
“Doğum günü” eyni zamanda “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə Fəxrəddin Manafovu Gunxeber.Az əməkdaşları adından təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.






