Monteneqronun Budva şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatı sona çatıb.

Gunxeber.Az xəbər verir ki, 48 ölkədən 1 169 şahmatçının mübarizə apardığı qitə birinciliyində Azərbaycan üç medal qazanıb.

14 yaşlı oğlanların kateqoriyasında təmsilçimiz Xaqan Əhməd 7.5 xal toplamaqla birinci yeri tutub.

Qeyd edək ki, 9 turdan sonra iki şahmatçının eyni xalı yaranıb. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambartsumanyanı qabaqlayaraq, 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.

10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7.5 xal toplayaraq gümüş medala layiq görülüb.

16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medalını qazanıb.

Daha iki şahmatçımız mötəbər yarışı ilk beşlikdə bitirib. 16 yaşlı oğlanların mübarizəsində Rüstəm Rüstəmov, 8 yaşlı oğlanların yarışında isə Kənan Babasoy yekunda 2-5-ci sıraları bölüşüblər.

Bir qızıl, bir gümüş və bir bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.

Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar təqdim olunub.

14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin qələbəsinə görə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.