İşğaldan azad olunan ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Gunxeber.Az məlumat verir ki, Xocavənd rayonunun Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, R.Salahov silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işləri zamanı tapıb və satış məqsədilə evində gizlədib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.