Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gunxeber.Az bildirir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan “Mercedes” markalı yük avtomobil ilə “KamAZ” markalı başqa bir yük maşını toqquşub.

Hadisə nəticəsində 1975-ci il təvəllüdlü M.İsmayılov və həmyaşıdı İ.Mirəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar, onlara zəruri tibbi yardım göstərilib. Həkimlərin dediklərinə görə, hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd olunub ki, xəsarət alan şəxslər qəza zamanı nəqliyyat vasitələrini idarə edən sürücülər olublar.

Məlumata görə, toqquşmanın güclü təsiri nəticəsində yük avtomobillərindən biri idarəetməni itirərək yoldan kənara çıxıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.