Yanvarın 16-da saat 09:20-də Goranboy rayonunda avtomobil mal-qaraya çırpılaraq dərəyə aşıb.

Yol-nəqliyyat hadisəsi səbəbindən maşında olan və xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub:

“Hazırda müalicələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”.

Xatırladaq ki, VAZ markalı avtomobil yolda olan mal-qaraya çırpılıb, daha sonra idarəetmədən çıxaraq dərəyə düşüb. Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü F.Əliyev, sərnişinlər 1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü S.Şadmanova xəsarət alıblar.