Füzuli-Horadiz ərazisində baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, yanvarın 8-də 01:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli-Horadiz ərazisində yanğın baş verməsi səbəbilə çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası bir nəfərə (kişi) zəruri tibbi xidmət göstərib, tüstüdən zəhərlənmə diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli və Cəbrayılda başlayan yanğınla bağlı məlumat yayıb.
Qurumdan Gunxeber.Az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.
Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.






