Ölkəmizdə ilin ən əhəmiyyətli təhsil tədbirlərindən biri – “TəhsildəSƏN 5” forumu keçirilib. Artıq beşinci dəfə baş tutan bu forum, həm dövlət, həm də özəl təhsil sektorunu bir araya gətirərək, təhsil sahəsində təcrübə və yanaşmaların paylaşılması üçün mühüm platforma rolunu oynayıb.

Gunxeber.az bildirir ki, “TəhsildəSƏN 5” forumunda ümumilikdə 15 spiker çıxış edib və onlar 250-yə yaxın iştirakçı ilə öz bilik və təcrübələrini bölüşüblər. Tədbirin açılışını Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov edib. O, forumun əhəmiyyətindən danışaraq, təşkilatçılığın peşəkarlığını yüksək qiymətləndirib.

Daha sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı Departamentinin Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov və Tələbə Təhsil Kredit Fondunun mütəxəssisi Aygün Məmmədzadə çıxış ediblər. Spikerlər forumun devizi olan “Təhsildə dəyərlər” mövzusuna toxunaraq, təmsil etdikləri qurumların təhsildə dəyər yaratmaq istiqamətində gördükləri işlər barədə məlumat veriblər.

Forum iki hissədən ibarət olub. Birinci hissədə çıxışlar və təqdimatlar keçirilibsə, ikinci hissə iştirakçıların sərbəst ünsiyyəti, yeni əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün şərait yaradıb. Mövzular arasında peşə təhsili, beynəlxalq imtahanlar, ixtisas seçimi, məktəbəqədər və ibtidai təhsil, xaricdə təhsil, xarici dil biliyi, inklüziv təhsil və emosional zəka kimi aktual istiqamətlər yer alıb. Forumun sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbirin təşkilatçısı olan “World” Karyera və Peşə Mərkəzi indiyədək keçirilən beş forumda ümumilikdə 2200-dən çox iştirakçını, 150-dən artıq təhsil şirkətini və 90-dan çox spikeri bir araya gətirib. Forumun əsas məqsədi təhsilin və maariflənmənin önəmini vurğulamaq, təhsil şirkətlərinin peşəkar şəkildə tanıdılması, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və təhsil sektorunun davamlı inkişafına töhfə verməkdir.

“TəhsildəSƏN” forumu artıq ənənəvi bir platformaya çevrilərək, ölkəmizdə təhsilin gələcəyinə yönəlik ideyaların müzakirə olunduğu, yeni əməkdaşlıqların qurulduğu mühüm tədbir kimi qəbul edilir.