Yanvarın 11-də Şağan Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, kəşfiyyatçı leytenant Vüsal Muradovun xatirə gecəsi keçirilib.
Xətai rayon Mədəniyyət Mərkəzi “Qaravəlli” Xalq Teatrının təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, gənclər və media nümayəndələri iştirak ediblər.
Xatirə gecəsi Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin davamında şəhid Vüsal Muradovun xatirəsinə həsr olunmuş “Sükuta sığmayan şücaət” tamaşası nümayiş olunub.
Tamaşadan sonra çıxış edən şəhidin qohumu, nəğməkar şair Qabil Ədalət, şair, jurnalist Günay Nəriman, şəhidin ailə üzvləri, kursant yoldaşları və şəhid anaları Vüsal Muradovun xatirəsini yad edib, Vətən müharibəsinin Azərbaycan və Türk dünyası üçün önəmindən danışıblar. Çıxış edənlər ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına əldə olunan qələbənin təkcə Qarabağın azadlığı ilə nəticələnmədiyini, həm də xalqımızı 30 illik həsrətdən və utancdan xilas etdiyini vurğulayıblar.
Bildirilib ki, Vüsal Cəsarət oğlu Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində anadan olub. Əslən Ağdam rayonunun Qasımbəyli kəndindən idi. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif kursantı idi. 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlanarkən “kiçik leytenant” rütbəsi ilə müharibəyə yollanıb.
Oktyabrın 29-da Xocavənd döyüşləri zamanı şəhadətə yüksələn Vüsal Muradov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, tədbirin rejissoru Əbədi Tədbirlər Birliyi layihəsinin təsisçisi Polad Ağa İbrahimov olub.









