Müasir İnnovasiyalar Liseyində Zəfər Gününə həsr olunmuş “Əsrlərlə rənglənmiş Azərbaycan” adlı bədii sərgi təşkil olunub.
Gunxeber.az bildirir ki, tədbir təsviri incəsənət müəllimi Sura İbrahimovanın təşəbbüsü ilə baş tutub.

Sərgidə liseyin şagirdləri Azərbaycan xalqının zəngin mədəni irsini öz yaradıcılıqları vasitəsilə təqdim ediblər. Gənc rəssamlar qədim şəbəkə sənəti, dulusçuluq, xalçaçılıq, miniatür, Qobustan qaya rəsmləri və kəlağayı kimi mövzulara müraciət edərək milli dəyərləri müasir bədii baxışla ifadə ediblər.Təqdim olunan rəsm və əl işləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlərin hazırladığı əsərlər Azərbaycanın çoxəsrlik sənət ənənələrinə hörmət və bu irsin qorunmasına çağırış kimi dəyərləndirilib.
Tədbir zamanı milli musiqi və rəqslər də nümayiş olunub. Şagirdlərin pianoda ifaları və səhnələşdirilmiş rəqsləri sərgiyə xüsusi rəng qatıb. Beləliklə, sərgi təkcə bədii yaradıcılığın deyil, həm də milli ruhun, vətənpərvərlik və Zəfər sevinci hisslərinin təcəssümü olub.
Tədbirin müəllifi və təşkilatçısı, təsviri incəsənət müəllimi Sura İbrahimova bildirib ki, sərgiyə hazırlıq 2-3 ay müddətində aparılıb: “Mənim şagirdlərim çox istedadlı, zövqlü və çalışqandırlar. Onların yaradıcılığında həm uşaq səmimiyyəti, həm də milli dəyərlərə dərin hörmət hiss olunur. Mən onlarla fəxr edirəm və inanıram ki, gələcəkdə Azərbaycan incəsənətinə öz töhfələrini verəcəklər”.
Sura İbrahimova həmçinin qeyd edib ki, sərgiyə göstərilən maraq bu kimi tədbirlərin gələcəkdə davamlı olaraq keçirilməsinə əsas yaradır.
Sərgi iştirakçıları və qonaqlar vurğulayıblar ki, bu cür layihələr məktəblilərin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onların milli kimlik və dəyərlərə bağlılığını daha da gücləndirir.















