Binaya su fasilələrlə verilir, veriləndə isə binanın blokuna, həyətə axır
Gunxeber xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən 12 bloklu binanın sakinləri üzləşdikləri problemlə bağlı Xəzər TV-yə müraciət ediblər.
Sakinlər deyirlər ki, binaya suyun qrafiklə verilməsini aidiyyəti qurum qənaətlə əlaqələndirir. Halbuki binaya su verilən saatlarda isə küçəyə axır.
Ərazidə çəkiliş aparılan zaman suyun qrafikə uyğun olaraq kəsilmə vaxtı olsa da, həyətdə axan suyun izləri qalmaqda idi. Sakinlər deyirlər ki, su xətləri əsaslı təmir olunmadığına görə problem hər gün yenidən təkrarlanır. Üstəlik, qazılan yerlər də asfaltlanmır ki, bu da sakinlərə əlavə problem yaradır.
Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvandakı qəza ilə bağlı Sukanal İdarəsi məlumatlıdır. Qəza briqadası əraziyə yönləndirilib, problemin həlli istiqamətində iş gedir.







