Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən toy mərasiminin qarşısı alınan qız təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.
Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, 2011-ci il təvəllüdlü, Tovuz rayon sakini olan şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23 yanvar 2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.
“Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13 fevral 2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib. Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb”,- məlumatda bildirilib.
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.
Gunxeber.Az “Teleqraf”a istinadən xəbər verir ki, N.Əsgərova açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib:
“Sadəcə “Hə” mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. “Hə” almağa gəlmişdilər, o da baş tutmadı”.
N.Əsgərova oğlan evi tərəfdən cəmi beş-altı nəfərin gəldiyini deyib: “Qeyd elədiyim kimi, “hə” almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı”.
N.Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:
“Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur”.






