Son dövrlərdə taksi platformalarında sürücülərlə sərnişinlər arasında əməliyyatların ləğvi ilə bağlı problemlər artıb. Sürücülər bloklanmamaq üçün sərnişinləri sifarişi ləğv etməyə məcbur edir, sərnişinlər isə kartdan pul tutulması riski ilə üzləşir.

Belə vəziyyət taksi platformalarının ləğv mexanizminin hansı problemlərini göstərir və bunun qarşısı necə alınmalıdır?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov GunXeber.Az-a açıqlamasında bildirib ki, dövlətin nəzarəti vacibdir, çünki kartla ödəniş sürücü və müştəri arasında problemlər yaradır:

“Bu prosesdə dövlət öz nəzarətini göstərməlidir, çünki müvafiq olaraq aidiyyəti qurumlar tərəfindən tənzimlənməlidir. Əsas məsələ ondadır ki, bu münasibətlər bank əməliyyatlarında sürücü–müştəri, müştəri–şirkət və şirkət–sürücü münasibətlərinin heç də qaydasında olmadığını göstərir. Yəni sifarişlərin kartla ödənilməsi müştəri üçün müəyyən məbləğə görə maraqlıdır, lakin burada sürücü maraqlı olmur. Belə vəziyyətdə o, müəyyən dərəcədə ödənişini ala bilmir, gecikmələr olur, çox pul tutulur və nəticədə avtomatik olaraq çətinliklər yaşayır. Bu çətinliyi aradan qaldırmaq üçün də öz işini riskə atmaq istəmir.”

Ekspertin sözlərinə görə, bu məsələ nəzarətsiz qaldıqda uzun müddət davam edə bilər:

“Nəticədə vətəndaş problemi bir-birinə aqressiv yanaşmada görür: biri digərini bloklayır, digəri qeydiyyatı aparmır. Bu isə əlbəttə ki, qəbuledilməz haldır. Mütləqdir ki, bu proses dövlət tərəfindən nəzarətə götürülsün. Əks halda, bu problem gələcək bir neçə ildə də təkrarlana bilər.”

Gunxeber.Az Asif Xankişiyev