Azərbaycan Respublikasının Xalq artisti Mehriban Zəki və tanınmış qiraətçi Xəzər Süleymanlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) qonağı olublar.

Gunxeber.Az-ın məlumatına görə, ziyarət çərçivəsində qonaqlar ilk olaraq AUİB-nin binasında yaradılmış şəraitlə yaxından tanış olublar. Birliyin fəaliyyət istiqamətləri, həyata keçirilən sosial layihələr, uşaqların rifahının yaxşılaşdırılması üçün görülən işlər barədə onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, AUİB uzun illərdir həssas qruplara aid uşaqların müdafiəsi, onların sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl fəaliyyət göstərir.

Daha sonra Mehriban Zəki və Xəzər Süleymanlı Birliyin nəzdində fəaliyyət göstərən Sığınacağın sakinləri ilə görüşüblər. Səmimi və isti atmosferdə baş tutan görüş zamanı qonaqlar uşaqlarla ünsiyyət qurub, onların gündəlik həyatı, maraqları və arzuları ilə yaxından maraqlanıblar. Xalq artisti Mehriban Zəki uşaqlara xoş sözlərini çatdırıb, onlara daim özlərinə inanmağı, arzularının arxasınca getməyi tövsiyə edib. O, uşaqlara göstərilən diqqət və qayğının onların gələcək həyatında mühüm rol oynadığını vurğulayıb.

Qiraətçi Xəzər Süleymanlı da görüş zamanı uşaqlarla səmimi söhbətlər aparıb, onlara mənəvi dəyərlərin, kitab oxumağın və sözün gücünün əhəmiyyətindən danışıb. Onun səsləndirdiyi ədəbi nümunələr görüşə xüsusi duyğusal ovqat qatıb və uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində bildirilib ki, tanınmış incəsənət xadimlərinin bu kimi sosial layihələrdə iştirakı cəmiyyət üçün mühüm mesajdır və uşaqların mənəvi inkişafına müsbət təsir göstərir. Görüş sığınacaq sakinləri üçün yaddaqalan anlarla yadda qalıb, sonda xatirə şəkilləri çəkilib.