Nizami Kino Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Inclusive Organization Company” və “Ümidlə Gəl” xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə “İnklüzivliyin Sirri 5” adlı genişmiqyaslı konsert proqramı baş tutub.

Gunxeber.az bildirir ki, tədbir Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi, Qərbi Azərbaycan Təravəti, Xəzər Universiteti və Vineyard XDİ-nin rəsmi tərəfdaşlığı ilə reallaşdırılıb.

Açılış mərasimində “Ümidlə Gəl” xeyriyyə layihəsinin təsisçisi Hacı Quliyev və “Inclusive Organization Company” şirkətinin rəhbəri İbrahim Məmmədov qonaqları salamlayaraq tədbirin sosial əhəmiyyətini vurğulayıblar.
Proqram çərçivəsində ölkədə ilk dəfə inklüziv dəb nümayişi təqdim olunub. Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanan özəl kolleksiya inklüziv modelyer Kübra Nuriyeva tərəfindən hazırlanaraq səhnəyə çıxarılıb. Fərqli yanaşması ilə seçilən “Xəmsə” kolleksiyası inklüzivlik mövzusuna yeni baxış bucağı gətirib.

Eyni zamanda “Xeyir və Şər” adlı digər kolleksiya modelyer Nərmin Məmmədzadənin təqdimatında nümayiş etdirilib. Dəb nümayişinin model çıxışları peşəkar komanda rəhbəri Syama Həsənovanın tərəfindən hazırlanıb.
Tədbirin ilk hissəsində “Inclusive Organization Company” tərəfindən təqdim edilən rəssam Mehriban Alışovanın sənət əsərləri qonaqlara nümayiş olunub. Ardınca xüsusi qayğıya ehtiyacı olan rəssam Pərvanə Hüseynlinin rəsmləri sərgilənib. Sərgi gənc rəssam Aydan Məmmədovanın “Simurq” adlı əsərinin təqdimatı ilə davam edib.


“İnklüzivliyin Sirri 5” layihəsi inklüziv mədəniyyətin genişləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin ictimai həyata fəal şəkildə inteqrasiyası və onların yaradıcılıq potensialının önə çıxarılması baxımından mühüm sosial təşəbbüs kimi dəyərləndirilir.
Dəfilədən sonra tədbirin emosional zirvə anlarından biri baş tutub — əlilliyi olan şəxslərin tanınmış sənətçilərlə birlikdə duet kompozisiyalarının ifası həyata keçirildi.