Binəqədi rayonunda obyektdə baş verən partlayış zamanı xəsarət alan üç nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“Dekabrın 5-də saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub”- məlumatda qeyd olunub.
Binəqədi rayonunda obyektdə baş verən partlayış zamanı üç nəfər xəsarət alıb.
Gunxeber.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Məlumatda qeyd edilir ki, xəsarət alanların hamısı partlayışın baş verdiyi kafenin əməkdaşlarıdır:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
















