Konistutsiya və Suverenlik İli çərçivəsində 10 dekabr 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi liderin izi ilə” adlı rəsm müsabiqəsi keçirilib.

Gunxeber.Az-ın məlumatına görə, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, YAP İsmayıllı rayon təşkilatının sədri, mədəniyyət işçiləri, eləcə də şəhər və kənd məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqə Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilib və iştirakçılar üçün həm yaradıcı mühit, həm də milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm platforma yaradıb.

Rəsm müsabiqəsinin keçirilməsinin əsas məqsədi uşaq və gənclərdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə maraq və məlumatlılığı artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq, bədii düşüncələrini inkişaf etdirmək, həmçinin Vətənə, dövlətçiliyə və milli dəyərlərə bağlılıq hissini gücləndirmək olub.

Müsabiqə işlərinin obyektiv şəkildə dəyərləndirilməsi üçün yaradılmış Qiymətləndirmə Komissiyası tərəfindən təqdim olunan rəsm əsərləri yüksək peşəkarlıqla qiymətləndirilib. Nəticələrə əsasən İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Nərmin – I yer,N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Vahablı Sənan – II yer, İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Mitəlova Mehriban – III yerə layiq görülüblər.

Qaliblər diplom və medalla təltif olunub, müsabiqə isə iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.