Şuşa Dövlət Musiqili Dram Teatrı növbəti qastrol səfərini Salyan rayonunda gerçəkləşdirib.

Gunxeber.az bildirir ki, səfər çərçivəsində teatr kollektivi əvvəlcə Salyanda yerləşən “Şəhidlər” xatirə kompleksini ziyarət edib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş igidlərin xatirəsini ehtiramla yad edib. Daha sonra qonaqlar Salyan Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək, II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş, onların şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar.

Səfərin əsas hissəsində isə teatr kollektivi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri əsasında hazırlanmış tamaşa ilə Salyan Dövlət Kukla Teatrının səhnəsində çıxış edib. Tamaşa salyanlı teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Şuşa Dövlət Musiqili Dram Teatrının bu qastrol səfəri teatr sənətinin bölgələrdə təbliği və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.